İctimaiyyət nümayəndələrinin Araiklə bağlı müraciəti

  • 24.04.2021
  • 0

Əvvəllər Qarabağda mövcud olan, Ermənistanın yaratdığı qanunsuz işğalçı rejimin başçısı Araik Arutunyanın Rusiyaya səfəri ilə bağlı məlumat yayılıb. Bu xəbəri Rusiya Ermənilər İttifaqının başçısı Ara Abramyan da təsdiq edib.

İşğalçı rejimin dırnaqarası başçısının Moskvaya şəxsi səfəri Azərbaycanda hiddət doğurduğundan bir sıra ictimaiyyət nümayəndəsi Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət ünvanlayıb.

Vətən Müharibəsi dövründə Azərbaycanın ətraf rayonlarının bombardman edilməsinin məsuliyyətini üzərinə götürən və əli günahsız insanların qanına batan qondarma rejimin rəhbəri, buna görə də Azərbaycanın axtarışa verdiyi və cinayətkar elan etdiyi Araik Arutunyan Rusiyaya sərbəst şəkildə səfəri haqlı narahatlıq doğurur. Hesab olunur ki, Arutunyanın Moskvaya səfəri Azərbaycan- Rusiya münasibətlərinin ruhuna ziddir.

Rusiyaya ünvanlanan sənədin altına imza atan ictimaiyyət nümayəndələrindən biri olan "Yeni Müsavat" Media Qrupun rəhbəri Rauf Arifoğlu hesab edir ki, rəsmi Moskva Araik Arutunyanı Azərbaycana təhvil versə öz imicini düzəldə bilər.

Münki 44 günlük müharibə dövründə ətraf rayonlarda yaşayış məhəllələrinin raket atəşinə tutulmasının məsuliyyətini o, açıq aşkar öz üzərinə götürüb.

İctimaiyyət nümayəndələri hesab edirlər ki, Araik Arutunyan Moskvaya Şuşada aşkar edilən “İsgəndər-M” operativ taktiki raket komplekslərinin detalları ətrafında anlaşılmaz qeyri-müəyyənlik fonunda yola düşüb. Təəssüf ki, biz indiyə qədər Rusiya tərəfinin aydın cavabını eşitməmişik, həmçinin Rusiya KİV-lərində Azərbaycanın ünvanına insinuasiyalar kampaniyası genişlənir. “İsgəndər-M” raketləri barədə bizim suallarımıza cavab verilməyincə Araik Arutunyanın Moskvaya gəlməsi ilə bağlı vəziyyəti aydınlaşdırmaq zərurəti yaranır.

İctimaiyyət nümayəndələri hesab edirlər ki, Kreml təcavüzkar separatizmdən əziyyət çəkən ölkə kimi Azərbaycanın ədalətli mövqeyini yaxşı başa düşməlidir. Ümid edirik ki, Rusiyanın Azərbaycandakı səfirliyi bu məsələyə aydınlıq gətirəcək və Azərbaycan ictimaiyyətinin suallarına cavab verəcək.

Nə düşünürsən?