Hüseynbala Mirələmovun məsələsinə baxılacaq

  • 22.04.2021
  • 0

Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının üzvü, partiyanın Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun ötən gün sosial şəbəkələrdə yayılmış videogörüntülərdə yol verdiyi qeyri-etik hərəkət cəmiyyətdə ciddi müzakirələrə səbəb olub.

YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev APA-nın sualına cavab olaraq bildirib ki, məsələ partiyanın İdarə Heyətinin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilib.

“Məlum videogörüntüdə Hüseynbala Mirələmovun etikadan uzaq hərəkətləri Yeni Azərbaycan Partiyasının hər bir üzvü tərəfindən təəssüf hissi ilə qarşılanıb və şiddətlə qınanılıb. Gün ərzində əksər kütləvi informasiya vasitələrində Yeni Azərbaycan Partiyasının ayrı-ayrı nümayəndələrinin məsələ ilə bağlı kəskin mövqeyi dərc olunub. Hüseynbala Mirələmovun mənəvi-əxlaqi dəyərlərdən uzaq olan bu davranışına qiymət İdarə Heyətinin sabah baş tutacaq iclasında veriləcək”, - deyə H. Paşayev qeyd edib.

Qeyd edək ki, aprelin 21-də sabiq deputat Hüseynbala Mirələmovun sosial şəbəkələrdə qeyri-etik hərəkətlərinin olduğu videosu yayılıb. Həmin görüntülərin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Elmi Şurasının onlayn iclası zamanı çəkildiyi bildirilir. Bu gün Hüseynbala Mirələmov öz ərizəsi ilə universitetin Neft-Qaz Mühəndisliyi fakültəsinin kafedra müdiri və yarımştat müəllimi vəzifələrindən azad olunub. 

Nə düşünürsən?