Güclü qar rayonlarda fəsadlar törətdi

  • 18.02.2021
  • 0

Ötən gün axşam saatlarından başlayaraq Gəncəyə yağan qar sakinlərin eləcə də uşaqların sevincinə səbəb olsa da, fəsadlar da törədib. 

APA TV-nin yerli bürosunun xəbərinə görə, şəhərə yağan qar nəticəsində bəzi ərazilərdə ağaclar qırılaraq yollara düşüb. 

Bu gün səhər saatlarından başlayaraq yollarda qarın və qırılan ağacların təmizlənməsinə başlanılıb.


Bölgəyə yağan qar Daşkəsəndə də fəsadlara yol açıb. Belə ki, elektrik və rabitə xətləri sıradan çıxıb, dirəklər aşıb. Nəticədə rayon mərkəzi və bir neçə kəndə elektrik enerjisinin verilişində fasilələr yaranıb. 

Təbiət hadisəsinin hələ də davam etməsi bərpa işlərinin həyata keçirilməsində çətinlik yaratsa da, işlər dayandırılmır.

Qeyd edək ki, Daşkəsəndə rayon mərkəzinə 35, dağ kəndlərinə isə 40-50 sm qalınlığında qar yağıb. 

Ötən gündən yağmağa başlayan qarın hündürlüyü Göygöl rayonunda 25, dağ kəndlərində isə 30 sm-ə çatıb. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları yollara qum, duz səpərək nəqliyyatın hərəkətini bərpa ediblər.

Qərb bölgəsində müşahidə olunan qarlı şaxtalı hava dağ rayonlarına gediş-gəlişi də çətinləşdirib. Gecə saatlarından etibarən yol təsərrüfatı işçiləri Şəmkir-Gədəbəy yoluna səfərbər olunub, yollarda qarın təmizlənməsi və duz-qum qarışığının səpilməsi işləri həyata keçirilib: 

Qazax, Tovuz və Gədəbəy rayonlarına da qar yağıb. Təbiət hadisəsi ciddi fəsadlar yaratmasa da bəzi yaşayış məntəqələrində qısa müddət ərzində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Daha sonra problem aradan qaldırılıb. 

Nə düşünürsən?