Fransalı hüquqşünaslar Ağdama səfər etdi

  • 22.04.2021
  • 0

Fransalı hüquqşünaslar Ağdama səfər edib.

APA TV-nin Ağdama ezam olunmuş müxbirinin məlumatına görə, hüquqşünaslar Yassine Yakouti və Elise Arfi işğaldan azad olunmuş Ağdam şəhərində erməni vandalizmi ilə tanış olublar.

Fransalı hüquqşünaslar Ağdam rayonuna səfər çərçivəsində Cümə məscidində olublar.

Hüquqşünaslar Yassine Yakouti və Elise Arfi Ağdam şəhər Cümə məscidini ziyarət ediblər. Onlar ermənilərin məsciddə törətdiyi vandallığın izləri, məscidin ətrafındakı evlərin, tikililərin dağıntıları ilə tanış olublar. Qonaqlara işğaldan azad edilmiş ərazilərdə ermənilərin törətdiyi dağıntılar və digər vandallıq əməlləri barədə ətraflı məlumat verilib.

Ağdamda səfərdə olan fransalı hüquqşünas, xanım Elise Arfi, Fransanın aparıcı ölkə kimi neytral olmasının, bir tərəfi məmnun etmək yerinə, hər iki tərəfin mövqeyinə baxmasının vacibliyini bildirib:

“Bizim burda olmağımız çox vacibdir. Azərbaycanın Fransadakı səfirliyi bu müharibənin reallığını və dağıntının həcmini göstərmişdi. Bizim bura səfərimizin məqsədi həm də rəsmi fikirləri, mövqeni öyrənməkdir. Ümid edirik ki, səfərimiz həm də azərbaycanlılar üçün səmərəli olacaq. Fransa da bu müharibənin reallığını görməlidir. Burda gördüklərimiz çox üzücüdür, bu dağıntıları görmək çox ağırdır. Düşünəndə ki, bu şəhərdə, burada insanlar yaşayıb və bu müharibə onlara nələr edib, çox ağırdır”.

Ağdamda səfərdə olan fransalı hüquqşünas Yassine Yakouti  deyib ki, tarixi abidələrin vandalizmə məruz qaldığını gözləri ilə görüblər. O, BMT və ATƏT-in Minsk Qrupunun prosesdə iştirakının vacibliyini diqqətə çatdırıb:

“Yaxşı ki, Azərbaycan beynəlxalq hüquq çərçivəsində ona məxsus olan torpaqlarını geri qaytarıb. Biz vəkilik və bizim üçün əsas odur ki, beynəlxalq hüquq həmişə bərqərar olsun. Göstərmək vacibdir ki, bu, çox mürəkkəb məsələdir və iki tərəf arasında həll oluna bilməz. Hər kəsə xatırlatmaq vacibdir ki, sülhə qanuni vasitələrlə nail olunmalıdır”.

Daha sonra Fransalı hüquqşünaslar Şahbulaq qalasında olublar. Qonaqlara ermənilərin işğal müddətində apardıqları qeyri-qanuni tikinti işləri ilə Şahbulaq qalasının tarixiliyinə xələl gətirdiyi, Ağdamı tərk edərkən Şahbulaqda yerləşən muzeyi də dağıtdıqları barədə məlumat verilib.

Nə düşünürsən?