“Evin içində çəkmə ilə gəzirik”

  • 12.02.2021
  • 0

“2 ildən artıqdır ki, evimiz qəzalı vəziyyətdədir. Bir gün yağış yağsa, biz bir həftə otaqlardan çölə su daşıyırıq. Divarlar başımıza uçur, bu şəraitdə yaşaya bilmirik”. Bu şikayətlə “Qafqazinfo”ya Sabunçu rayonu, eyniadlı qəsəbənin Aydınbəyov küçəsi 1 saylı mənzilində məskunlaşan Abbasovlar ailəsi müraciət edib. Navad Abbasovanın sözlərinə görə, yaşadıqları iki mərtəbəli binanın 100-dən çox yaşı var. Alt mərtəbəsi yaşayış evi, ikinci mərtəbəsi isə 79 saylı uşaq bağçası olub. Lakin uşaq bağçası yararsız hala düşdüyündən bağlanıb: “Mən bu evə 70-ci illərdə gəlin gəlmişəm, amma bina qədim tikilidir, yüzdən çox yaşı var. Bina 69 saylı MKİS-in balansındadır, illərlə burada heç bir təmir işi aparılmayıb. Oğlanlarımın toyları olanda hər dəfə 1000 manat verib təmir elətdirmişəm. İndi isə təmirə imkanım yoxdur. Ev başımıza uçur. Yağış yağanda burada vəziyyət lap dözülməz olur, evin içində çəkmə ilə gəzirik. Yuxarıdan axan su şırıltı ilə evin içərisinə tökülür. Gəlinlərimin mebeli artıq çürüyüb atılıb”. Ev sahibi deyir ki, gecə yatdıqları vaxt divarlar qopub tökülür: "Bir otağın içərisi tamamilə dağılıb, o biri də bu-gün sabah dağılacaq. Yerə taxta düzüb onun üzərində gəzirik. Rayonlarda mal tövlələri bu otaqlardan daha mədənidir. Bu vəziyyətə görə uşaqlarım evdən ayrı düşüblər, hərə bir yerdə kirayədə qalır. Bizdən başqa evi dağılmaq üzrə olan bir yəhudi əsilli ailə də var, amma onlar burada yaşamırlar, hərdən gəlib evə baxıb gedirlər”. N. Abbasovanın sözlərinə görə, bağçanı bir neçə dəfə özəlləşdirməyə çıxarsalar da, gəlib alt mərtəbəsinin ev olduğunu görüb çıxıb gedirlər. Vəziyyətlə bağlı dəfələrlə aidiyyati orqanlara şikayət olunub, lakin problemi həll edən olmayıb. Məsələ ilə bağlı Sabunçu qəsəbə nümayəndəliyi ilə əlaqə saxladıq. Nümayəndəlikdən həqiqətən də həmin binanın qəzalı vəziyyətdə olduğunu bildirdilər: “Həmin bina 69 saylı MKİS-ə məxsusdur. Bina qəzalı vəziyyətdədir, təmirlik deyil. Lakin sökülməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən rəy verilməli, bina qəzalı binaların siyahısına salınmalıdır. Ondan sonra Maliyyə Nazirliyi vəsait ayıra bilər və həmin ailələr başqa əraziyə köçürülər, bina sökülə bilər. İcra nümayəndəliyindən həmçinin bildirilib ki, həmin binada 5 ailə yaşayır, onlardan 3-ü məcburi köçkün ailəsidir. Fövqəladə Hallar Nazirliyindən isə bildirilib ki, çoxmənzilli yaşayış binaları əsasən yerli icra orqanlarının balansında olduğundan onların təmiri ilə balanssaxlayıcı təşkilat, yəni yerli icra hakimiyyətinin mənzil istismar idarələri məşğul olmalıdır. Bunun FHN-ə aidiyyəti yoxdur: “Yox, əgər vətəndaşın şəxsi mülkiyyətidirsə, Mənzil Məcəlləsinə əsasən, mənzilin mülkiyyətçisi yaranma səbəbindən asılı olmayaraq, mənzildə əmələ gəlmiş bütün qüsurları özü aradan qaldırır - vaxtlı-vaxtında təmir aparmalı və mənzilinin texniki vəziyyəti haqqında düşünməlidir. Bundan başqa, "İcbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən, hər bir vətəndaşın daşınmaz əmlakı sığorta olunmalıdır”.

Nə düşünürsən?