Ermənistanda böhran getdikcə dərinləşir

  • 16.04.2021
  • 0

Ermənistanda siyasi böhran günü gündən dərinlləşir. Seçki yaxınlaşdıqca cəmiyyətdə qeyri-müəyyənlik də artır. Müxalifət "taym-aut" götürür, hakimiyyət isə parçalamnma və daxili çəkişmələr içərisindədir. Siyasi partiyaların əksəriyyətinin seçkilərdə iştiraka can atması vəziyyəti daha da qəlizləşdirir.

Məsələn, eks-prezident Levon Ter-Petrosyanın partiyasının seçkilərdə iştirak etmək üçün hərəkətə keçdiyi barədə xəbərlər yayılıb. Belə ki, “Sputnik-Ermənistan”ın yazdığına görə, seçkilərə hazırlıq məqsədilə “Erməni milli konqresi” partiyası mayın 1-də qurultay keçirəcək.

Məlumata görə, qurultayda “Erməni milli konqresi” partiyası növbədənkənar parlament seçkilərində iştirak edib-etməyəcəyini müəyyənləşdirəcək: “Əgər fors-major hal baş verməzsə, böyük ehtimalla Ter-Petrosyanın partiyası seçkilərdə müstəqil şəkildə iştirak edəcək”.

Yerli mətbuat Paşinyanın istefasına çalışan “Vətənin xilası naminə hərəkat”ın da fəaliyyətində dəyişiklik nəzərə çarpdığını yazır. Daxili ziddiyyətlərlə üzləşən müxalifət regionlarda nəzərdə tutulan aksiyaları təxirə salıb. Seçkiqabağı vəziyyət hakim komandada da parçalanma və qarşıdurma yaradıb.

Bu arada, Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxış edərkən eks-prezident Levon Ter-Petrosyanı xainlikdə ittiham edib. O, deyib ki, hələ 2018-ci ildə Petrosyan ona Qarabağda torpaqları geri qaytarmağı təklif edib."Birinci prezidentin 2018-ci ilin iyulunda mənimlə görüşündə dedikləri sirri açacağam.

Sitat gətrirəm: "Torpaqları artıq verməlisən". Nəyin qarşılığında? Niyə? Necə? Hər halda eks-prezidentin həmin gün formalaşmış təsəvvürü bu çərçivədən kənara çıxmırdı, qalan digər şeylər qiymətləndirmə mövzusudur", - deyə Paşinyan qeyd edib.

Politoloq Eldar Namazov hazırda Ermənistanda seçkiöncəsi mühit olduğu üçün heç kəsin təsadüfi fikir söyləmədiyini deyir.

Bu arada, İrəvanda etraz aksiyaları davam edir. Belə ki, müharibədə itkin düşənlərin yaxınları bir neçə gün müdafiə nazirliyinin binasını mühasirədə saxladıqdan sonra heç bir nəticə əldə etməyərək hökumət binasına üz tutublar. Göründüyü kimi, məğlub Ermənistanda qeyri-müəyyənlik hökm sürür, böhran günü-gündən dərinləşir. Və bu vəziyyətin nə zamana qədər davam edəcəyi məlum deyil.

Nə düşünürsən?