Ermənistanda biabırçı vəziyyət

  • 19.06.2021
  • 0

İyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlaşan Ermənistanda sanki qasırğaöncəsi sakitlik yaşanır. Ölkədə sükut günü olsa da, siyasi gərginlik ən pik həddə çatıb. Yaylar gərilib, seçkinin nəticələrinin elan olunmasını gözləyirlər. Ekspertlər məhz iyunun 21-də oxun yaydan çıxacağını düşünürlər.

Ermənistan mediası isə yazır ki, təbliğat-təşviqat kampaniyası çərçivəsində hakim siyasi qüvvənin, habelə ona müxalif olan partiya və blokların regionlarda, eyni zamanda, paytaxtda keçirdiyi mitinqlərdə səslənən fikirlər seçkidən sonra açıq qarşıdurmanın olacağını göstərir. Hazırda fərqli siyasi qüvvələr arasında toqquşmaların qeydə alınması bu təhlükəni daha da artırır.

“Erməni milli konqres” partiyasının sədri Levon Ter-Petrosyan seçkiqabağı vəziyyəti olduqca kritik adlandırıb. Onun sözlərinə görə, seçkiqabağı siyasi gərginlik 21 iyunda vətəndaş müharibəsinin baş verəcəyinə dair ehtimalı qüvvətləndirir.

Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərdə SSRİ dağılandan və ölkə müstəqillik əldə edəndən bəri onun rəhbəri olmuş hər kəs iştirak edəcək. Favroitlər isə Nikol Paşinyan və eks-prezident Robert Köçəryan hesab olunur.

Artıq toqquşmanın ilk qığılcımları da görünməkdədir. Erməni mediasının məlumatına görə, paytaxt İrəvanda Paşinyan tərəfdarları ilə müxalifəti təmsil edən “Çiçəklənən Ermənistan” partiyasının fəalları arasında dava düşüb. Məğlub ölkədə hakimiyyət böhranı da davam edir. Məsələn, Ermənistanın buraxılmış parlamentinin sonuncu iclasını təşkil etmək üçün deputatları bir araya gətirmək mümkün olmayıb. Belə ki, başları seçkiqabağı kampaniyaya qarışan müxalifəti təmsil edən “Çiçəklənən Ermənistan” və “Maariflənən Ermənistan” fraksiyalarının, habelə hakim partiyanın bir sıra deputatları iclasa gəlməyiblər. Keçmiş xarici işlər nazirinin müavinləri istefa ərizəsi yazdığı üçün Ermənistan XİN bir müddətdir ki, nəzarətsiz qalıb.

Beləliklə, seçkiqabağı dövrdə siyasi qarşıdurmanın artması, açıq toqquşmaların qeydə alınması Ermənistanda qeyri-sabitliyin seçkidən sonra da davam edəcəyini göstərir. Ekspertlər 21 iyunda bu ölkədə vətəndaş müharibəsinin başlanması ehtimalını da istisna etmirlər.

REAL

Nə düşünürsən?