“Ermənistan sülh razılaşmasını pozur”

  • 01.05.2021
  • 0

Azərbaycanda olan bir qrup rusiyalı deputat və ekspert işğaldan azad edilmiş ərazilərə səfər edib.

APA TV-nin yerli bürosunun məlumatına görə, nümayəndə heyətlərinin üzvləri Xurşudbanu Natəvanın qəbrini ziyarət edərək ermənilərin qəbiristanlıqda törətdiyi vandallığı öz gözləri ilə görüblər.

Daha sonra qonaqlar Ağdamda Qarabağ xanlarının türbələrinin də yerləşdiyi İmarət qəbiristanlığını ziyarət ediblər.

Ağdama səfər edən Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov bildirib ki, Ermənistan mina xəritələrini Azərbaycana təqdim etməməklə sülh razılaşmasını pozur: “Mina xəritələrinin təqdim edilməməsinin nəticəsində gələcəkdə daha çox insan həyatını itirə bilər. Əlbəttə, sülh razılaşmasının təşəbbüskarı və qarantı kimi Rusiya Ermənistanın mina xəritələrini təqdim etməsinə çalışacaq. Yəqin ki, həmin mina xəritələri var. Erməni zabitlər Rusiyada, yaxud Ermənistanda sovet hərbi məktəblərində oxuyublar. Sovet hərbi məktəblərindəki Nizamnamələrə əsasən, iki xəritə hazırlanır. Bu xəritələrdən biri hərbi birliklərə, digəri isə Baş Qərargaha təqdim edilir, Baş Qərargahda saxlanılır. Mina xəritələri Azərbaycana məqsədli şəkildə verilmir ki, Azərbaycanın işğaldan azad edilmiş əraziləri bərpa etməsi prosesi geciksin, insanlar ölsün. Bu, tamamilə qəbuledilməzdir”.

Sergey Markov ATƏT-in Minsk Qrupunun fərqli bir mövqe ortaya qoymalı olduğunu da qeyd edib: “Azərbaycan Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırılması məsələsini irəli sürə bilər. Çünki Fransa özünü tamamilə kənarda qoyub. Fransa hüquqazidd mövqedən çıxış edib və vasitəçi mövqeyindən çıxış edə bilməz. Fransa başqa bir ölkə, məsələn, Almaniya ilə əvəzlənə bilər”.

Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko isə bildirib ki, Ağdam atom bombasının atılması nəticəsində dağılmış Xirosima və Naqasakini xatırladır: “Ermənilər burada, əlbəttə, atom bombası partlatmayıblar, onlar burada Azərbaycan xalqına qarşı nifrət bombası partladıblar. Dağıntıların miqyası insanı dəhşətə salır. Hazırda dünyada əyani surətdə vandalizm, nifrət və düşmənçiliyin nəticələrini göstərən belə yer yoxdur. Bu, hərbi cinayətdir. Ermənistanın siyasi-hərbi rəhbərliyi buna beynəlxalq tribunalda cavab verməlidir. Bu əməli bağışlamaq mümkün deyil. Bu, insanlığa qarşı cinayətdir. Birinci və İkinci Qarabağ müharibəsini alovlandıran erməni siyasətçilər, bu vandalizmi törədən, 1 milyondan artıq azərbaycanlını doğma torpaqlarından qovan erməni hərbçiləri və erməni silahlıları törətdikləri hərbi cinayətlərə görə cavab verməlidirlər".

Rusiyali hərbi ekspert bir müddət sonra işğaldan azad edilən ərazilərin Azərbaycanın cənnətinə çevriləcəyini qeyd edib. 

Nə düşünürsən?