Ermənilər Qaragöl ətrafinda gərginlik yaradır

  • 14.05.2021
  • 0

Vətən müharibəsi başa çatandan sonra Azərbaycan Ermənistanla olan sərhədlərini nizamlayır.

Çətin keçilən dağ-meşə massivləri və qışın sərt keçməsi buna mane olurdu. Qarın əriməsi ilə paralel sərhədçilərimiz müəyyən sahələrdə iki ölkə arasında sərhəddi bərpa edir.

Bu isə ermənilərin hay-küy və təxribatı bəyanatları ilə müşaət olunur. Laçın rayonu ərazisində yerləşən Qaragöl gölü ətrafında ermənilərin yaratdığı gərginlik bu qəbildəndir. Nəzərə almaq lazımdır ki, bu istiqamətdə yol ümumiyyətlə yoxdur.

Qaragölün dəniz səviyyəsindən 2658 metr yüksəklikdə yerləşməsi vəziyyəti çətinləşdirir. Amma nəzərə almaq lazımdır ki, hələ 1987-ci il 17 noyabr tarixində Azərbaycan Nazirlər kabinetinin qərarı ilə Qaragöl dövlət qoruğu yaradılmışdı. Yəni münaqişənin başlamasından 1 il əvvəl.

Düzdü, SSRİ dövründə sərhədlər formal xarakter daşıyırdı. Və ötən əsrin 60-70-ci illərində ermənilər Qaragöldən suvarma məqsədləri ilə istifadə edirdi. Əraziləri işğal altında saxlayan Ermənistan bu gölü də öz ərazisi kimi qəbul etdirməyə çalışır. Amma Qaragölün dövlət qoruğu elan olunması bu su hövzəsinin birbaşa Azərbaycanın ərazisində olduğunu göstərir. Sərhədçilərimizin Azərbaycan sərhədlərini hər iki tərəfdə olan xəritələrə əsasən müəyyən edərək mövqelərə çıxması əks tərəfi çox narahat edir.

Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi bəyanatda göstərilir ki, Dövlət Sərhəd Xidmətinin rəhbərliyi əraziyə ezam olunub. Yüksək rütbəli sərhədçilərin Qaragöl ərazisində olmasının əsas məqsədi ermənilərlə danışıqlar aparıb mövcud vəziyyəti onlara başa salıb vəziyyəti normallaşdırmaq və sərhəddi müəyyənləşdirməkdir.

Sərhədyanı Xndzoresk kəndində aparılan danışıqlarda ermənilərin müdafiə nazirliyi və milli təhlükəsizlik nazirliyinin nümayəndələri və Rusiya hərbçiləridə iştirak edib.

Sünik qubernatoru Melikset Poqosyan yalnız görüşün baş tutduğunu təsdiqləyib və təfərrüatlara varmayıb.

Bir qayda olaraq ermənilər onlara sərf etməyən məqamlar yarananda faktı şərh etmirlər. Bu isə belə düşünməyə əsas verir ki, danışıqlar zamanı Qaragölün Azərbaycan ərazisi olduğu təsdiqlənib. Sərhədlərin konkretləşdirilməsi 10 noyabr 3 tərəfli razılaşmada da öz əksini tapıb və tərəflər bu bəndə ciddi riayət etmək öhdəliyini götürüb.

Amma ermənilər bu razılaşmanın bəndlərini Qaragöl ötrafında da pozmağa çalışır. Eləcə də yaddan çıxarmaq olmaz ki, Ermənistanda keçiriləcək seçkilər ərəfəsində bu məsələ siyasi kart kimi istifadə edilə bilər. Sərhədlərin müəyyənləşməsini ermənilər Ermənistan ərazisinə müdaxilə az qala işğal kimi qələmə verir və təxribatı bəyanatlar səsləndirir. Bu isə ermənilərin növbəti siyasi isteriyasından başqa bir şey deyil.

REAL