Ermənilər minalanmış ərazinin xəritəsini vermir

  • 03.03.2021
  • 0

Ermənistan minalı ərazilərin xəritəsini Azərbaycana təhvil vermir
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü davam edir.

Beynəlxalq hüquq normalarına məhəl qoymayan düşmən riyakarlığını, ədalətsizliyini və tabesizliyini işğaldan azad olunan Azərbaycan torpaqlarında basdırılan minalar sayəsində bir daha göz önünə sərgiləyir.

Hiylə və tələ Ermənistan hökumətinin ana xəttini təşkil edir. Əksi o zaman iddia olunardı ki, qarşı tərəf hüquq normaları çərçivəsində minalı ərazilərin xəritəsini Azərbaycana təhvil verərdi.

Çifayda. Cenevrə Konvensiyasının qaydalarının üzərindən xətt çəkən düşmən müharibə bitsə də ədavətinin bitmədiyini deyir.

Məhz erməni yanaşmasının məhsulu olan qurulmuş tələlər yəni, minalar həm hərbçilər, həm də mülki insanlar üçün təhlükə olaraq qalır.

Ərazilərin işğaldan azad edilməsindən sonra bu qəbildən olan şəxslər minaların qurbanına çevrilir.

Artıq buna görə İtaliya da Ermənistanı qanunlara tabe olmağa çağırır.

Məsələ ilə bağlı martın 2-də ölkə Parlamentinin aşağı palatası olan Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasında “Ermənistan və Azərbaycan arasında razılaşmaların yerinə yetirilməsi vəziyyəti haqqında qətnamə” qəbul olundu.

Həmin sənəddə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizləmə əməliyyatlarını asanlaşdırmaq məqsədilə tərəflər konstruktiv fəaliyyət göstərməyə dəvət olunub və bu xüsusda, minalanmış ərazilərin xəritələrinin verilməsi istənilib.

Millət vəkili Asim Mollazadənin sözlərinə görə, Ermənistanın qanunlara əməl etməməsi faktı ilk deyil.

Bu günə qədər Ermənistan Azərbaycana qarşı törətdiyi cinayətə görə, beynəlxalq səviyyədə cavab verməyib. Bunun üçün də minalı ərazilərin xəritəsinin düşmən tərəfindən verilməsi gözlənilən deyil.

Qeyd edək ki, işğaldan azad olunan Azərbaycan torpaqlarında yerli və Türkiyə, Rusiya mühəndis-istehkam bölmələri tərəfindən ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işləri aparılır.

Bu günədək xeyli sayda mina və partlamamış döyüş sursatı utilizasiya edilib.

Nə düşünürsən?