Dünya virusun ikinci dalğası ilə üz-üzə

  • 02.08.2020
  • 0

COVID-19 pandemiyası yenidən alovlanıb Dünyada COVİD-19 pandemiyası yenidən alovlanıb. Mütəxəssislər ikinci dalğanın başlaması baradə insanları xəbərdar ediblər. Xüsusən Latın Amerikası ölkələrində vaxtında tədbir görülməməsi vəziyyətin nəzarətdən çıxmasına səbəb olub. Braziliyada koronavirus infeksiyasına yoluxanların sayı artıq 2 milyon 708 mini ötüb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, son sutkada virusa daha 45 min 392 yoluxma qeydə alınıb. Bununla yanaşı, son bir gündə təhlükəli virusdan 1 088 nəfər ölüb. Ümumiyyətlə isə 93 563 insan COVID-19-un qurbanı olub. Almaniyada son sutka ərzində koronavirusa 240 yoluxma qeydə alınıb. Bununla da COVID-19 infeksiyasına yoluxanların sayı 210 min nəfərə çatıb. Qeyd edilir ki, ölkədə təhlükəli infeksiyadan ölənlərin sayı 9 141 nəfərdir. Bununla yanaşı, virusa yoluxmuş təxminən 193 min insan sağalıb. Qonşu Türkiyədə isə koronavirusdan daha 19 nəfər ölüb. Bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib. Nazir qeyd edib ki, bununla ölkədə pandemiya qurbanlarının sayı 5 710 nəfərə çatıb. Ölkədə koronavirus xəstələrinin ümumi sayı isə təxminən 232 min nəfərdir. "Yeni xəstə sayının artımının daha çox olduğu bölgələr Ankara, Mardin, Diyarbəkir, Gaziantep, Konyadır", - deyə nazir bildirib. Rusiyanın paytaxtı Moskvada son sutkada daha 12 nəfər koronavirusdan ölüb. Bu barədə Koronavirusla Mübarizəyə Nəzarət və Monitorinq üzrə Operativ Qərargah məlumat yayıb. Məlumata görə, bununla da paytaxtda pandemiya qurbanlarının sayı 4 485 nəfərə çatıb. Pandemiya ərzində Rusiyada COVID-19-a 845 minə yaxın yoluxma qeydə alınıb, 14 058 insan ölüb, 646 min pasiyent sağalıb. Virusa yoluxma hallarının üçdə biri - 242 mini Moskvanın payına düşür. Azərbaycanda isə vətəndaşlarının səbr və təmkinli davranışı, karantin qaydalarına riayət etməsi, fərdi məsuliyyət, ən əsası da dövlət tərəfindən görülən tədbirlər nəticəsində müsbət dinamika müşahidə olunur. Artıq 20 gündən çoxdur ki, ölkəmizdə koronavirusdan sağalanların sayı, yoluxanların sayından üstündür. Son statistik məlumata görə, Azərbaycanda təhlükəli virusa ümumilikdə 32157 nəfər yoluxub, 26474 nəfər sağalıb, 454 nəfər isə bu virusun qurbanı olub. Dünyada isə COVID-19-a yoluxanların sayı 17,3 milyonu ötüb. Son sutka ərzində koronavirusa yoluxanların sayı 289 321 nəfərə yüksəlib. 6142 nəfər isə təhlükəli virusdan ölüb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat verib. Təşkilat həm də koronavirus epidemiyasının uzun müddət davam edəcəyini bildirib. Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri və onların tərəfdaşları koronavirusla bağlı məhdudiyyətlərin - xüsusi rejimin saxlanılması qənaətinə gəliblər. Bu baxımdan təşkilat tərəfindən fövqəladə vəziyyət rejimi üç ay uzadılıb.

Nə düşünürsən?