Deputatlardan son hadisələrə reaksiya

  • 08.06.2021
  • 0

“Vaxtilə Ermənistanda rəhbər post tutmuş və hərbi komandanlıqda təmsil olunmuş şəxsin öz dili ilə minaların Kəlbəcər və digər ərazilərdə basdırılmasını etiraf etməsi onu göstərir ki, Ermənistan terror mahiyyətini ortaya qoyaraq təmas xəttindən tamamilə kənarda yalnız mülki əhalini hədəfə alaraq bu addımları atıb”. 

Bunu APA TV-yə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Ermənistan Silahlı Qüvvələrinin polkovniki Koryun Qumaşyan işğaldan azad olunan Kəlbəcər və Laçın rayonlarının sərhədə yaxın ərazilərində mina yerləşdirdikləri ilə bağlı etirafına münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, əgər Ermənistan hərbi rəhbərlik səviyyəsində sözügedən məsələdən xəbərdardırsa, deməli, həmin ərazilərdə minalanmış ərazilərin xəritəsi dəqiq mövcuddur. Bu isə Ermənistanın qarşısında daha ciddi öhdəliklərin qoyulması üçün Azərbaycanın əlində çox ciddi əsasdır: “Bu o deməkdir ki, cinayət dövlət səviyyəsində etiraf olunub. Hadisə dövlət və hakimiyyət orqanlarının birbaşa göstərişi ilə törədilir. Bu isə beynəlxalq humanitar hüquq pozuntusunun ciddi formasıdır. Eyni zamanda Roma statusunun və digər beynəlxalq hüquq aktlarını, o cümlədən Cenevrə konvensiyalarının birbaşa pozulmasıdır”. 

“Qarabağa dönüş” İctimai Birliyinin sədri, deputat Tural Gəncəliyev isə hesab edir ki, bir sıra beynəlxalq təşkilatlar Ermənistan rəsmilərinin və hərbiçilərinin özünün etirafından sonra səssiz qalmamalıdırlar və bu dövlətin müharibə cinayətləri törətməkdən sonra məsuliyyəti məsələsini gündəmə gətirməlidirlər: “Təəssüflər olsun ki, Avropa Şurasının bəzi rəsmiləri, İnsan hüquqları üzrə müvəkkillər jurnalistlərin minaya düşərək həlak olmasına münasibət bildirərkən belə yumşaq mövqe sərgiləyirlər. Həmin çıxışlarda Ermənistan terrorçu ölkə kimi adı çəkilməli, bilavasitə qınanmalı, törətdiyi müharibə cinayətlərinə görə beynəlxalq ictimaiyyət qarşısında məsuliyyəti məsələsi qaldırılmalıdır”.

Deputat hesab edir ki, Ermənistan İşğaldan azad olunan torpaqlarda kütləvi minaların basdırılmasını etiraf etməklə həm də psixoloji həmlə etmək istəyir: “Ermənistan hərbiçilərinin torpaqlarımıza minaların basdırılması məsələsini etiraf etməklə bir növ psixoloji hücum həyata keçirmək istəyirlər. Onlar fikirləşir ki, bizim insanlarımız minaların olduğunu bilib qorxaraq öz ata-baba yurdlarına getmək istəməyəcəklər. Amma unudurlar ki, biz o torpaqlara qayıtmağı illərlə gözləmişik  və nə zaman lazım gələcəksə, həmin vaxt biz o torpaqlarımıza köçəcəyik. Bizi heç bir şey çəkindirə bilməz”. 

Xatırladaq ki, ötən gün Ermənistan Silahlı Qüvvələrinin polkovniki Koryun Qumaşyan işğaldan azad olunan Kəlbəcər və Laçın rayonlarının sərhədə yaxın ərazilərində mina yerləşdirdiklərini etiraf edib. O bildirib ki, Laçın və Kəlbəcər yaxınlığında 17 maşın mina yerləşdiriblər. “Minalara görə ərazidə heç nə edə bilməyəcəksiniz. Əsirlərimizi bizə qaytarın, mina xəritəsini verəcəyəm”, - deyə Qumaşyan qeyd edib.

Nə düşünürsən?