Deputat: Qiymət artımının qarşısı bu cür alınacaq

  • 05.01.2021
  • 0

Tarif Şurasının verdiyi qərarların hansı sahələrdə qiymət artımına səbəb olacağı ilə bağlı monitorinqlər aparılacaq. Bu sözləri Axar.az-a millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov yanvarın 4-də Tarif (qiymət) Şurasının növbəti iclasının keçirilməsi və verilən qərarlar haqda danışarkən deyib. O xatırladıb ki, dizel yanacağının qiyməti iki sektorda xərclərə birbaşa təsir göstərir: “Onlardan birincisi kənd təsərrüfatı, digəri isə ictimai sərnişindaşıma sahəsidir. Bu sahədə istifadə edilən yanacağın əhəmiyyətli hissəsi dizeldir. Bu baxımdan dizel yanacağında artımdan sonra hər iki sektor üzrə dəstək paketinin gücləndirilməsi gözlənilir. İl yeni başladığı üçün kənd təsərrüfatında subsidiyaların məbləğinin yenidən hesablanması və artırılması mümkündür. Bu baxımdan biz də təklif edirik ki, aqrar sektorda subsidiyaların məbləği hesablanan zaman dizel yanacağındakı qiymət artımı nəzərə alınsın. Xüsusilə də həmin yanacağın qiyməti ilə yaranan fərq nəzərə alınmaqla subsidiyalar təyin edilsin. Belə olduğu təqdirdə dizel yanacağının qiymətinin artmasının kənd təsərrüfatı məhsullarına təsirini minimallaşdırmaq olacaq. Subsidiya məbləğinin artırılması aqrar sektorda istehsal edilən məhsulların qiymətində artımın qarşısını alacaq”. V.Bayramovun sözlərinə görə, ictimai nəqliyyatda qiymət artımı olmayacaq: “Tarif Şurasının qərarında da qeyd olunub ki, hökumət ictimai nəqliyyatda sahibkarlar üçün dəstək mexanizmi hazırlayır. Bu da təbii ki, dəstək mexanizmində dizel yanacağında artımdan yaranan fərqin aradan qaldırılması ilə bağlıdır. Sərnişindaşımada da xüsusi dəstəyin olacağı gözlənilir”.

Nə düşünürsən?