Daha bir qurumun əməkdaşları vaksinasiyaya cəlb edildi

  • 09.04.2021
  • 0

Ölkəmizdə vaksinasiya prosesi davam edir. Bu gündən etibarən isə Dövlət Turizm Agentliyinin əməkdaşlarının peyvənd olunmasına başlanılıb. 

APA TV-nin xəbərinə görə, proses Əfəndiyev adına 2 saylı şəhər klinik xəstəxanasında keçirilir. Könüllü şəkildə vaksinasiya prosesinə cəlb olunan əməkdaşlar həkim müayinəsindən keçdikdən sonra peyvənd olunurlar. 

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev də könüllü şəkildə peyvənd olunub: “Əla hiss edirəm özümü. Bu gün 120 nəfər adam, bizim Dövlət Turizm Agentliyinin işçiləri, həm də bizim tabeliyimizdə olan müəssisələrin işçiləri gəlib vaksinasiyadan keçirlər. Biz Agentlik olaraq bütün sənayeni çağırırıq ki, peyvənd  olsunlar. Çünki biz normal həyata qayıtmaq istəyiriksə, mütləq vaksinasiyadan keçməliyik. Vaksinasiya normal qaydada getsə, çox müsbət olacaq turizm üçün”.

Vaksinasiyada iştirak edən Agentliyin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyir ki, turizmin bərpası və inkişafı vaksinasiyasız qeyri-mümkündür: “Biz bunu aksiya olaraq keçirdik. Dövlət Turizm Agentliyinin əməkdaşları, tabeliyimizdə olan qurumların əməkdaşları könüllü olaraq vaksinasiyadan keçdilər. Əlbəttə ki, biz bunu ilk növbədə öz sağlamlığımız üçün etdik. Həm də bu aksiya bizim sənayemizə bir çağırışdır ki, turizm sənayesinin əməkdaşları, ümumən vətəndaşlarımız bizə qoşulsunlar. Turizmin bərpası və inkişafı vaksinasiyasız qeyri-mümkündür”.

Agentliyin vaksinasiyaya qoşulan əməkdaşları da bunun sağlamlığımızla yanaşı, turizmin canlanması və təhlükəsiz səyahətlər üçün məqsədəuyğun hesab edirlər:

- Pandemiya təbii ki, turizm sahəsindən də təsirsiz ötüşməyib. Hər bir turizm əməkdaşı pandemiyanın tez bir zamanda bitməsini istəyir. Və bu səbəbdən də, hər birimiz üzərimizə düşən məsuliyyəti anlayaraq öz addımımızı atmalıyıq ki, bu bəlanın öhdəsindən gələk. 

- Çox rahat bir formada gəldim buraya. Özümü tam normal qaydasında hiss edirəm. Ümid edirəm ki, vaksinlənmə bizim koronovirusla mübarizəmizdə faydalı olacaq.

Dövlət  Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev bildirib ki, bütün dünyada vaksinin çatışmadığı bir dövrdə Azərbaycanda vətəndaşların vaksinasiyaya cəlb edilməsi ölkə rəhbərliyinin bu sahəyə diqqətinin göstəricisidir.

Nə düşünürsən?