Bu gün Xüsusi Təyinatlıların günüdür!

  • 30.04.2021
  • 0

Görünmədən görmək, ölmədən öldürmək. Bu şüar altında xidmət edən Azərbaycanın elitar qoşun növü Xüsusi Təyinatlı Qüvvələrin bu gün ad günüdür.

Müdafiə Nazirliyinin tabeliyində olan bu amansız döyüşçülərin bu gün 22 yaşı tamam olur. Birinci Qarabağ Müharibəsində pərakəndə formada xidmət göstərən xüsusi təyinatlı adlandırıla biləcək qrupların yenidən formalaşması təlim və təminatı vaxt tələb edirdi.

Ordunun yenidən formalaşmasında bu addım özünü çox gözlətmədi. 1999-cu ildən etibarən Azərbaycan ordusunda xüsusi təyinatlı qüvvələr formalaşmağa başladı. Bitməmiş Qarabağ Müharibəsi, tam məxfi keçirilməli olah əməliyyatların varlığı, ölkə təhlükəsizliyi və dünyada mövcud trend belə qüvvələrin varlığını tələb edirdi. Həmin dövrlərdən etibarən Yaşma və 052 sözləri az qala mistik bir məna daşıyırdı.

Azərbaycan xüsusi təyinatlıları ətrafında əfsanələr dolaşır və Qarabağ cəbhəsində hər bir əməliyyat onların adı ilə bağlanırdı. Xüsusi Təyinatlılarımız təlim və məşqləri ayrıca bir mövzudur. Onu demək mümkündür ki, yarandığı gündən bu qoşun növünə seçim ən sərtlərindəndir. 100-lə şəxsdən 10-15 nəfəri xüsusi təyinata keçə və ondan az sayılı döyüşçü xüsusi təyinatlı kimi xidmət edə bilərdi.

Ən məxfi qoşun növünün döyüşçülərini tam olaraq hələdə heç kim tanımır. İllərlə ən çətin və amansız təlimlərdən keçən xüsusi təyinatlıların bir amalı var idi. Qarabağ uğrunda müharibə başlasın, düşmən gücümüzü görsün. İllərlə xüsusi təyinatlılarımız dost və müttəfiq ölkələrin təlimlərinə qatılır ən çətin kursları keçəndən sonra mütəxəssis adını qazanırdı. Bütün silahlardan istifadə, ən çətin ərazilərdə sağ qalma bacarığı, günlərlə ac-susuz döyüş bacarığı, taktika və digər hərb sahələrinə dərindən yiyələnmə xüsusi təyinatlıların bilik və bacarıqlarının az bir hissəsi idi.

Son olaraq tünd qırmızı bordo beretə sahib xüsusi təyinatlı döyüşçünün qarşısını heçnə ala bilməzdi. Və bu ilk olaraq özünü aprel döyüşlərində göstərdi. 4 günlük aprel müharibəsində xüsusi təyinatlılarımızın uğurlu əməliyatları hələdə sirr olaraq qalır. Amma bəlli idi ki, əsas müharibəyə az qalıb. Vətən müharibəsi başlayanda xüsusi təyinatlılar özünü hər istiqamətdə göstərə bildi. Xüsusilərimizin qarşısında həlli mümkün olmayan tapşırıq yox isi. İldırım sürəti ilə döyüşən xüsusi təyinatlıların şah əsəri Şuşanın işğaldan azad edilməsi idi. Hələdə düşmən bizim xüsusi təyinatlıların Şuşanı necə azad etdiyini anlaya bilmir. Hələdə dünyanın hərb akademiyaları bizimkilərin taktikasını analiz edir.

Vətən Müharibəsində qazanılan qələbədə Xüsusi təyinatlıların müstəsna xidməti var. Qələbə paradında şəstlə keçən xüsusi təyinatlılara qürurla baxmamaq mümkün deyildi. Bu qüvvələr ordumuzun üzü, gücü və bacarığını təcəssüm edir. Əbəs yerə deyil ki, hər bir adi döyüşçü xüsusi təyinatlı adını daşımağa, gənclər xüsusi təyinatlı olmağa çalışır. Vətən Müharibəsində döyüşən xüsusi təyinatlıların 36 nəfəri Vətən Müharibəsi Qəhramanı adına layıq görülüb.

Vətən Müharibəsinin ən ağır yükünü daşıyan xüsusi təyinatlılar bu gündə hazırdır. Bir qayda olaraq Xüsusi Təyinatlı üçün döyüş heç zaman bitmir. Amma xüsusi təyinatlı döyüşə girəndə onu qələbə ilə bitirə bilir.

REAL