Bölgədə regional əməkdaşlıq platforması yaradılır

  • 19.02.2021
  • 0

Bölgədə regional əməkdaşlıq Azərbaycanın maraqlarına tam cavab verir
Azərbaycan və Türkiyə yeni, unikal platforma formalaşdırır. Bu platformada enerji daşıyıcıları, nəqliyyat, təhlükəsizlik mühüm yer tutur. Azərbaycan Türkiyə ilə birlikdə Avropanın enerji təhlükəsizliyində əsas rol oynayır. İki ölkənin yaratdığı nəqliyyat sistemi isə Şərqlə Qərbi birləşdirir. Bu istiqamətdə Çindən Avropaya gedən qatarlar Azərbaycan və Türkiyənin yaratdığı dəhlizdən istifadə edir. Bu ən qısa, ən ucuz və ən sərfəli yoldur. Bununla yanaşı Azərbaycan və Türkiyə təhlükəsizlik sahəsində də çox ciddi əməkdaşlıq edir.

Hazırda Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsi 4,5 milyard dollardır. 2023-cü ildə bu rəqəmin 15 milyard dollara çatdırılması nəzərdə tutulur. İki ölkə arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsi qarşıya qoyulan hədəfin əlçatan olduğunu deməyə əsas verir.

Türkiyə-Azərbaycan əməkdaşlığında təhlükəsizlik məsələləri mühüm yer tutur. Bunun nəticəsidir ki, hansısa revanşist qüvvələrin yenidən xoşagəlməz addımlar atmasının qarşısını almaq məqsədilə Qarabağda Türkiyə-Rusiya birgə monitorinq mərkəzi yaradılıb. Bu mərkəzin əhəmiyyəti Türkiyə və Rusiya prezidentlərinin son telefon danışığında da vurğulanıb.

Ekspertlər Naxçıvan üzərindən açılan dəhlizin, monitorinq mərkəzindən sonra Türkiyə ilə Rusiya arasında əməkdaşlığı daha da inkişaf etdirəcəyini düşünürlər. Çünki bu dəhliz Rusiyanın da maraqlarına uyğundur. və beləliklə bölgədə regional əməkdaşlıq Azərbaycanın maraqlarına tam cavab verir.

Nə düşünürsən?