Baş prokurorun Bakı səfəri

  • 09.04.2021
  • 0

Azərbaycan Respublikasının Baş Prokurorluğu cinayətkarlıqla mübarizə sahəsində bir sıra beynəlxalq və regional təşkilatlarla, o cümlədən xarici ölkələrin prokurorluq və digər cinayət təqibi orqanları ilə işgüzar əlaqələr və dostluq münasibətlərinin qurulması zəminində səmərəli fəaliyyətini davam etdirir.

Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin dəvəti ilə aprelin 8-də Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib.

Nümayəndə heyəti Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoymuş, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib.

Həmçinin, 1941-1945-ci il Böyük Vətən Müharibəsi iştirakçılarının şərəfinə ucaldılmış kompleks ziyarət edilmiş, abidə önünə əklil qoyularaq xatirələri ehtiramla yad olunub.

Daha sonra Azərbaycan Respublikasının Baş Prokurluğunda ikitərəfli görüş keçirilmişdir. Ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, dövlət başçıları cənab İlham Əliyev və cənab Vladimir Putinin birgə səyləri və siyasi iradələri sayəsində bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə uğurla inkişaf etdiyi xüsusilə qeyd olunub.

Dövlətlərimiz və xalqlarımız arasında zəngin tarixə malik və ildən-ilə daha da dərinləşən münasibətlərin, o cümlədən hüquqi sahədə əlaqələrin getdikcə inkişaf etdiyini qeyd edən Baş prokuror, dövlət başçısı cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsindən qaynaqlanan və rəhbərliyi ilə ardıcıl olaraq bütün sahələrdə olduğu kimi sosial-iqtisadi sahədə və məhkəmə-hüquq sistemində aparılan islahatlar, o cümlədən səmərəli dövlət idarəetməsi, əhalinin həyat səviyyəsinin və sosial rifahının yüksəldilməsi üzrə tədbirlər və əldə olunmuş nailiyyətləri haqda geniş məlumat verib.

Kamran Əliyev Azərbaycan Resspublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük zəfər müharibəsində qazanılmış qələbə ilə bağlı qonağa məlumat verərkən Azərbaycan-Ermənistan münasibətlərinin nizama salınması istiqamətində Rusiya dövlətinin sülhməramlı qismində gördüyü işlərin təqdirəlayiq olduğunu qeyd edərək, Rusiyanın Azərbaycan və Ermənistan arasında balanslaşdırıcı mövqedən çıxış etməsinin regionda sülhün əbədi bərqərar olmasına əminliyini ifadə edib.

Baş prokuror ötən illər ərzində prokurorluğun strukturunun daha da təkmilləşdirilməsi, gənc hüquqşünaslardan ibarət kadr korpusunun formalaşdırılması istiqamətində aparılan mütərəqqi işlər, korrupsiya ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi üçün digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqələr barədə qonaqları məlumatlandırıb.

Həmçinin, Azərbaycan və Rusiya prokurorluqları arasında münasibətlərin müsbət dinamikasını vurğulayan Baş prokuror bu əlaqələrin gələcəkdə də inkişaf etidirilməsinin zəruriliyindən və perspektivlərindən danışmışdır. Habelə digər hüquq mühafizə orqanları ilə birgə qarşılıqlı fəaliyyət nəticəsində ölkəmizin MDB məkanında cinayətlərin sayına görə ən müsbət göstəricilərə sahib olduğu diqqətə çatdırılıb.

Azərbaycan Respublikasının Prokurorluq orqanları ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov göstərilən yüksək qonaqpərvərliyə görə dərin minnətdarlığını bildirmişdir. İki dost və tərəfdaş dövlətin prokurorluq orqanları arasında uzunmüddətli sıx əlaqələrin olduğunu bildirən qonaq respublikamızın qısa zamanda bir çox sahələrdə mühüm uğurlar əldə etməsinin canlı şahidi olduğunu qeyd edərək, xüsusilə prokurorluq orqanlarının müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri təqdirəlayiq olduğunu vurğulayıb.

Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmış, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılmış, iki ölkənin hüquq mühafizə, o cümlədən prokurorluq orqanları arasında konkret cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, eləcə də cinayət törətmiş şəxslərin ekstradisiyası və sair məsələlər ətrafında müzakirələr aparılıb.

Baş prokurorlar əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Rusiya Federasiyasının Baş Prokurorluğu arasında əməkdaşlığın inkişaf etdirilməsi haqqında” Niyyət bəyanatı imzalayıbar.

Qonaqlar daha sonra Azərbaycan Respublikası Prokurorluğunun Tarix muzeyi ilə tanış olublar.

REAL

Nə düşünürsən?