Bakı metrosunda təmir işləri davam etdirilir

  • 15.04.2021
  • 0

Pandemiya səbəbi ilə fəaliyyəti müvəqqəti dayandırılan Bakı Metropolitenində təmir-tikinti, yenidənqurma işləri davam edir. Hal-hazırda biz Metropolitenin “Elmlər Akademiyası” stansiyasındayıq. Burada stansiyanın hər iki yolu üzrə gödək ağac şpalları dəmir-beton bloklarla əvəzlənir.

Birinci dəfə “Nərimanov” elektrik deposunda qatarların sınaq yolunda, “Xətai” və “Cəfər Cabbarlı” stansiyalarının ancaq bir yolunda tətbiq edilmiş dəmir-beton blokların daha geniş miqyasda tətbiqi davam etdirilir. 

APA TV xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin Xidmət rəisi Kamran Əliyev deyir ki, Metropolitenin yeni Bənövşəyi xəttində də bu ənənə geniş tətbiq olunacaq:  “Bu layihənin optimal şəkildə yerinə yetirilməsi üçün 3 növbəli iş rejimi tətbiq olunub. Ağac şpallar bildiyiniz kimi 7-10 il müddətində sıradan çıxır. Amma dəmir-beton blokların istismar müddəti 50 ildir”.

Gödək ağac şpallarının dəmir beton bloklarla dəyişdirilməsi həm də ölkə xaricindən gətirilən ağac şpallara sərf olunan maliyyə vəsaitinə qənaət etməyə, onların nəql edilməsinin və gömrük xərclərinin qarşısını almağa kömək edir. Kamran Əliyev deyir ki, metropolitendə təmir-bərpa işləri mərhələli şəkildə həyata keçirilir: “İlkin mərhələdə təmas relslərinin sökülməsi, yol betonunun dağıdılması işlərinə başlanılıb. İkinci mərhələdə özül betonun yoxlanılması işləri aparılacaq. Üçüncü mərhələdə dəmir-beton bloklarının quraşdırılması işləri planlaşdırılıb”.

Hazırda “Memar Əcəmi-8 Noyabr”, “Xocəsən deposu-Avtovağzal” mənzilləri, həmçinin “8 Noyabr” stansiyası və dalan yollarında yeni tipli üstquruluş elementləri tətbiq edilir.

Bundan başqa, 1985-ci ildə istifadəyə verilmiş “Elmlər Akademiyası” stansiyasının üzərində yerləşən inzibati binanın fasad örtüyü də yenilənir. Təmirə cəlb edilən sahələrin yaxınlığı ilə hərəkət edən piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə çəpərləmə işi aparılıb.

Nə düşünürsən?