Azərbaycanda parklar abadlaşdırılır

  • 05.05.2021
  • 0

Bu gün ölkəmizin hər yerində yeni memarlıq abidələri yaradılır, şəhərsalmanın müasir nümunələri tətbiq edilir.

Bunun sayəsində Bakı və onun ətraf qəsəbələri gündən-günə gözəlləşir, abadlaşır, insanların sosial şəraitinin hərtərəfli təminatı və istirahətlərinin mənalı keçməsi üçün lazımi infrastruktur yaradılır.

İnsanların istirahəti üçün yaradılan əsas şəraitlərdən biri də salınan parklardır. Paytaxt Bakının yaşıl parklar, bağlar şəhəri olduğunu nəzərə alsaq, bu yerlər göz oxşayır, şəhərə xüsusi yaraşıq verir.

Son illərdə Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda çoxlu sayda park salınıb və açılışında şəxsən özü iştirak edib.

Demək olar ki, son illərdə açılan yeni parklar Bakının sosial-ekoloji durumunu daha da yaxşılaşdırıb, şəhərin simasını dəyişib. Nəticədə paytaxt daha da gözəlləşib.

Məsələn, Bakının Yasamal rayonu ərazisində yerləşən Təzəpir məscidinin qarşısındakı yeni bağın və Füzuli küçəsi boyunca salınan Mərkəzi Park bu gözəlliyə ən örnək nümunələrdəndir.

Keçmiş “Sovetski” adlanan ərazidə abadlıq və yenidənqurma işlərinin bariz nümunəsi olan bu ərazi orijinal layihə əsasında yüksək səviyyədə abadlaşdırılıb.

Buranın ən mühüm xüsusiyyəti Nəriman Nərimanov prospektindən Heydər Əliyev Sarayınadək olan ərazidə piyadalara yol keçmədən maneəsiz hərəkət imkanının yaradılmasıdır. Layihənin əsas məqsədi şəhərin simasını daha da gözəlləşdirmək, paytaxt sakinlərinin və turistlərin mədəni istirahətinə xidmət etməkdir.

İstirahət məkanında insanların rahat hərəkətini təmin etmək məqsədilə yeraltı və yerüstü piyada keçidləri istifadəyə verilib.

Ərazisi 20 hektar olan parkın 14 hektarında yaşıllıq salınıb. Burada 2100-dən çox 19 növ ağac və 137 mindən artıq gül və kol bitkiləri əkilib.

Qeyd edək ki, Bakıda həyata keçirilən abadlıq-quruculuq işlərinin həcmi daha da artıb. Bu işlər paytaxt sakinlərinin və ölkəmizə gələn turistlərin istirahəti üçün ən müasir parkların və yeni-yeni yaşıllıq zolaqlarının salınması ilə müşayiət olunur.

Bütün bunlar Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirib. Bu mənada yeni park, istirahət məkanı və guşələrinin yaradılması, əhaliyə xidmət göstərən müasir infrastrukturun qurulması bu məsələdə mühüm rola malikdir.

Bakının simasının daha da gözəlləşməsi baxımından mühüm rol oynayan parklardan biri də Dədə Qorqud Parkıdır.

Qədim Azərbaycan tarixinin və mədəniyyətinin açıq havada nümayişi meydanı və yaxud 6 hektar ərazidə salınmış, Bakının ən böyük parklarından biri hesab edilən Dədə Qorqud parkı. Burada istirahət üçün hər cür şərait yaradılıb, yaşıllaşdırma işləri aparılıb, süni göl yaradılıb, müasir standartlara cavab verən işıqlandırma sistemi quraşdırılıb. Parkın mərkəzində heykəltəraş Göyüş Babayevin "Kitabi-Dədə Qorqud" abidəsi ucalıb.

Bakının, Nərimanov rayonunda. ADA Universitetinin və Bakı zooparkının yanında yerləşən parkın ərazisində sahəsi üç hektar olan süni göl və şəlalə var.

Burada ölkəmizin qədim tarixi və zəngin mədəniyyəti ilə bağlı toplanan məlumatlar şübhəsiz ki, şəhər sakinlərinin, qonaqların, xüsusilə də Azərbaycan Diplomatik Akademiyasının yerli və əcnəbi tələbələrinin informasiya almasında mühüm rol oynayır.

Bundan əlavə məkana gələnlər katamaranları kirayə edərək göldə gəzə bilərlər. Bunun üçün iki körpü var. Bundan başqa, süni şəlalənin aşağı hissəsində, habelə xüsusi su bitkiləri üçün nəzərdə tutulan kiçik körfəzin üzərində gəzinti üçün körpü salınıb.

Parkda pulsuz Wi-Fi xidməti quraşdırılıb.

Yeni salınan park Bakı şəhərinin simasının daha da gözəlləşməsinə geniş imkanlar açaraq paytaxt sakinlərinin istirahəti baxımından xüsusi əhəmiyyət daşıyır.

Paytaxtda mövcud olan daha bir möhtəşəm istirahət guşəs, insanlar arasında "Qış bulvarı" kimi tanınan park kompleksi Bakının Füzuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında inşa olunan və 4 min 500 avtomobil tutumuna malik yeraltı avtomobil dayanacağının üstündə salınıb.

Bu kompleks şəhərin içindəki ən böyük parkdr və ümumi ərazisi 7 hektardır. Parkın uzunluğu 1 kilometr, eni isə 150 metrdir. Məkan Heydər Əliyev sarayının arxasından başlayaraq Füzuli meydanına qədər olan ərazini əhatə edir. Burada 7 yeraltı keçid inşa olunub və keçidlərə 24 eskalator quraşdırılıb, hər keçiddə isə əlillərin rahat hərəkət etmələri üçün xüsusi qurğular qoyulub.

Böyük quruculuq işləri nəticəsində salınan yerlərdən biri də Koroğlu parkıdır.

Postamentlə birlikdə hündürlüyü 23 metr olan abidə xalq qəhrəmanı Koroğlunun xatirəsinə ucaldılıb. Elə məhz park da onun adı ilə bağlıdır. Burada sakinlərin istirahətinin tam təmin olunması məqsədilə hər cür şərait yaradılıb. Parkən ərazisində İtaliyadan gətirilmiş 20 işıq dirəyi və 30 oturacaq yerləşdirilib.

Bu parklar Bakı sakinlərinin və qonaqların əsl istirahət məkanı üçün unikal yerlərdir.

Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Coşqun Cəbrayılovun sözlərinə görə, sakinlər tərəfindən salınan parklara tələbat olduqca çoxdur.

Bir sözlə salınan parklar insanların sağlamlığına və istirahətinə yönəlmiş dövlət qayğısıdır.

REAL

Nə düşünürsən?