ANAMA açıqlama yayıb

  • 31.03.2021
  • 0

Beynəlxalq Həkimlər Dərnəyi (AID) Azərbaycanın Vətən Müharibəsində xəsarət alan şəxslərin protezlə təmin olunması ilə bağlı layihə həyata keçirir.

APA TV-nin məlumatına görə, bununla bağlı keçirilən mətbuat konfransında çıxış edən AİD-in sədri Mevlit Yurtseven bildirib ki, Vətən Müharibəsi zamanı xəsarət alan qazilərdən bəziləri müalicə üçün Türkiyəyə aparılacaq: "AİD 2011-ci ildə İstanbulda qurulmuş beynəlxalq  təşkilatdır. Təşkilat əzalarını itirmiş insanlara protez mərkəzləri ilə dəstək göstərir. Uzun müddətdir, müharibə qurbanı olan insanlar üçün çalışırıq. Əzalarını itirən Azərbaycan vətəndaşları üçün də xidmət göstərməyə hazırıq. Azərbaycan xalqı ilə qardaşlığımızın əlaməti olaraq bir qrup xəstə Türkiyəyə aparılacaq və orada müalicə olunaraq protezlərlə təmin olunacaq. Ötən həftə mütəxəssis həkimlər və onların nümayəndə heyəti ilə Azərbaycana gəldik və yoxlamalar keçirdik". 

Həkim professor Yaşar Tatar da layihəni Azərbaycan xalqı ilə qardaşlığın göstəricisi kimi qiymətləndirib: “Azərbaycan özü də bu protezləri hazırlaya bilər, amma müharibə nəticəsində çoxlu sayda yaralı var. Bu şəxsləri erkən vaxtlardan protezlə təmin etmək onların şəraitini yaxşılaşdırır. Layihədə 12 nəfərə 15 protez yazılacaq. Onların 3-nün qol, ayaq və ya hər iki ayağı kəsilib. Bu protezlər ən müasir üsullarla hazırlanıb. İlk olaraq 5 nəfər Türkiyəyə aparılacaq, bu şəxsləri geri qayıdanda hətta futbol oynaya biləcək formada görə biləcəksiniz. Burada ANAMA bizə kömək edir. Həmin şəxslər geri qayıdanda normal həyatlarına qayıdacaq. Qeyd edim ki, Türkiyəyə ilk olaraq aparılacaq 5 şəxsdən ikisi xəsarət alan ANAMA əməkdaşıdır”.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov isə bildirib ki, agentlik tərəfindən cəbhəboyu və işğaldan azad olunmuş ərazilərdə yüzlərlə mina və partlamamış hərbi sursatlar aşkar edilərək zərərsizləşdirilib. Onun sözlərinə görə, 17 milyon kv.m. ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib. Eyni zamanda, 17 327 ədəd mina və hərbi sursat aşkar edilib. Hazırda Füzuli, Cəbrayıl, Qubadlı, Şuşa, Xocavənddə axtarışlar aparılır. 

Qərargah rəisi sentyabrın 27-dən bu günə qədər Agentliyin 4 əməkdaşının da mina partlaması nəticəsində xəsarət aldığını bildirib: “Cəbhəboyu ərazilərdə mülki əhalinin işğaldan azad olunmuş ərazilərə qanunsuz şəkildə keçməsi ilə bağlı 29 mina partlama halı qeydə alınıb, bu zaman 17 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 12 nəfər həlak olub. Fürsətdən istifadə edərək bir daha vətəndaşlara, xüsusən cəbhəyanı ərazilərdə məskunlaşan və öz ata yurdlarını ziyarət etmək istəyənlərə  deyirəm ki, həmin ərazilərə qanunsuz daxil olmasınlar. Rayon İcra Hakimiyyəti, komendatların qoyduqları qayda qanunlara riayət edərək baş verə biləcək hər hansı bədbəxt hadisənin qarşısının alınmasında yardımçı olsunlar”.

Sonda Türkiyəli həkimlər tərəfindən mina partlayışı zamanı ayağını itirən şəxsin protez ölçüləri götürülüb. Bir neçə gün sonra isə protezlə təmin edilmək üçün ilk qrup Türkiyəyə yola salınacaq.

Nə düşünürsən?