Ağdaşda fasiləsiz suvarma təmin edilir

  • 11.05.2021
  • 0

Ağdaşda mexaniki üsulla 10 min hektara yaxın torpaq sahəsi suvarılır.

Ağdaş rayonunun Pirəzə kəndində yerləşən Pirəzə Mexaniki Suvarma idarəsi 9650 hektar torpaq sahələrinin suvarılmasına xidmət edir.

İdarənin ən böyük nasosstansiyası isə, 477 hektar əkin sahəsini fasiləsiz suvarır. Kür çayından götürülən su, əkin sahələrinə ötürülür. Suyun sahələrə daha səmərəli və daha sürətli çatdırılması üçün isə, nasosstansiyanın yaxınlığında tikilən qurğu bu prosesi daha əlçatan edir.

Sahələrin suvarılmasına xidmət edən və ümumi uzunluğu 413 km-dən artıq olan müxtəlif həcmli, müxtəlif su ötürmə qabiliyyətli kanalların 69 km-dən artığı magistral kanallardır. Onların da ən kiçiyinin su ötürmə qabiliyyəti 2 kub metrdir.

İdarənin balansında 39 ədəd müxtəlif nasosstansiyalar vardır ki, bu nasosstansiyaların da hər biri mənbələrini Kür çayından götürür. Nasosstansiyalar 2 və 3 aqreqatdan ibarətdir. Onların təmirinə də ciddi məsuliyyətlə yanaşılır. Çünki suvarmada fasilələr yaranarsa əhalinin narazılığına səbəb ola bilər. Bir saatlıq fasilə isə bir günlük fasilə deməkdir. Hazırda ən çox dənli bitkilərin əkini ilə məşğul olan ağdaşlı fermerlər bu il sahələrdən bol məhsul götürəcəklərinə əmin olduqlarını bildirirlər.

Qeyd edək ki, Pirəzə Mexaniki Suvarma idarəsinin xidməti sahəsində dənli bitkilər, çəltik, arpa, buğda, çoxillik və iki illik yonca bitkisi, bostan-tərəvəz bitkiləri əkilir. Bunlardan 270 hektar sahədə taxıl əkilib. Qalan sahələr isə yonca və başqa bitkilərin payına düşür.

REAL