618 bal yığmış tələbə qız niyə intihar etdi? - VİDEO

  • 30.03.2021
  • 0

Son günlər gənclərin ard-arda intihar xəbərləri gəlir. Ötən gün gecə saatlarında daha bir gənc doqquzmərtəbəli binadan özünü ataraq canına qıyıb.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, 18 yaşlı Könül Misirli son dəfə qrup yoldaşları ilə onlayn dərsə qoşulub. Daha sonra isə intihar edib.

Ali məktəbə qəbul imtahanında 618 bal toplamış və gələcəyi parlaq görünən bir gəncin intiharından danışırıq. Qonşuları, təhsil aldığı Universitet rəhbərliyi könülün çox ağıllı bir gənc olduğunu, dərslərində də hər zaman fəal iştirak etdiyini deyirlər. Gəncin nəyə görə intihar etdiyi isə hələ ki bəlli deyil.

Daha bir gənc intihar etdi. Ötən gün gecə saat 2 radələrində Sumqayıt şəhəri 17-ci mikrorayonda yaşayan 18 yaşlı Könül Misirli yaşadığı binanın 9-cu mərtəbəsindən özünü atıb.

Hadisə ilə bağlı valideynləri ilə əlaqə saxlamağa çalışsaq da, çəkilişə imkan verməyiblər. Lakin ailəni və Könülü yaxından tanıyan qonşuları gəncin yüksək əxlaqa sahib, savadlı və sakit təbiətli qız olduğunu deyirlər.

Dərslərində də fəal olan Könül buraxılış imtahanında ən yüksək bal toplayaraq məktəb üzrə birinci yerə çıxıb. Ali məktəbə qəbul imtahanında isə birinci ixtisas qrupu üzrə 618 bal yığıb.

O, Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsinin birinci kurs tələbəsi olub. Əlaçı olan Könül həm də qrup nümayəndəsi idi. O, Təhsil Nazirliyinin "Gələcəyin müəllimi təqaüdü"nə layiq görülüb, bununla yanaşı, əlaçı olduğuna görə ona universitetin xüsusi təqaüdü də verilib. Təhsil aldığı fakultənin dekan müavini Məhəmmədəli Məmmədov gənc qızın ölümünə hələ də inana bilmədiyini deyir.

Könül hətta intihar etmədən öncə axşam qrup yoldaşları ilə əlavə onlayn dərsdə də iştirak edib.

Martın 31-də Könülün 18 yaşı olacaqdı. Lakin valideynləri ona bir neçə gün öncədən doğum günü keçiriblər.

Psixoloqların fikrincə, son zamanlar yeniyetmə və gənclər arasında sosial adaptasiya, ünsiyyət problemi və tükənmişlik sindromu kimi hallar intiharların artmasına səbəb olur. Bu, onların emosional durumundakı dəyişikliklərlə bağlıdır. Təbii ki, burda valideyn duyarlılığı daha önəmlidir.

Mütəxəssislər qeyd edirlər ki, bu cür halların qarşısını almaq üçün ailə qayğısı və nəzarətini artırmaq vəziyyətdən çıxış yollarından biri ola bilər.

Qeyd edək ki, gənc qızın nəyə görə intihar etdiyi hələ ki bəlli deyil. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Nə düşünürsən?