3 bacının bir qardaşı şəhid oldu

  • 02.12.2020
  • 2.8K baxış
  • 0

3 bacının bir qardaşı olan Əlikram Şahbazlı 2001-ci ildə Şabranın Bor-bor kəndində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra ali məktəbə daxil olsa da, maddi imkansızlıq üzündən təhsili davam etdirə bilməyib. Atası Şahbaz Novruzov deyir ki, oğlunun ən çox sevdiyi rəqəm 7 olub. Təsadüfdən, ya nədəndirsə, 2019-cu ilin oktyabr ayının 7-də hərbi xidmətə yola düşüb və bir il sonra - oktyabr ayının 7-də şəhid kimi torpağa tapşırılıb. Əlikram Talış kəndinin, Hadrutun və Suqovuşanın alınmasında şücaət göstərib: “Hərbidə olanda danışırdıq, deyirdi, gəlib oxuyacam. Axırıncı dəfə danışığımız sentyabrın 30-da olub. Oktyabrın 1-i ad günü idi, onda danışdıq. Dedim ad günün mübarək. Ondan sonra zəng gəlmədi daha. Ayın 6-sı axşam mənə zəng gəldi ki, uşaq hospitalda yatır, gedib onu görmək lazımdır. Mən bilirdim nəsə olub. 6-sı kəndə başqa bir şəhid də gəlmişdi, onu dəfn elədik, bir gün sonra da Əlikramı”. Anası İmarət Hümmətova əslən Cəbrayıl rayonundan olduğuna görə Əlikram sonuncu dəfə ailəsi ilə danışanda deyib ki, daha kənddə anama heç kim qaçqın deməsin Cəbrayıl artıq işğaldan azad olunub: “Balaca vaxtı televizorda Cəbrayılı göstərəndə mən ağlayırdım. Onda deyirdi ki, ana, mən böyüyəcəm, özüm gedəcəm əsgərliyə, alacam. Mən də deyirdim ki, sən böyüyənə qədər müharibə qurtarar. Kəndin mərkəzində uşaqlarla futbol oynayanda yaxınlıqdakı bulaqdan su içib. Dostlarına da deyib ki, mən gedib şəhid olacam, burda da bulaq tikərsiniz, mənim adımı qoyarsınız. Özü əsgər getməmişdən 2-3 gün qabaq oxuyurdu ki, mən şəhidəm, ana, yerim cənnətdir”. Bacısı ilə eyni vaxtda ali məktəbə daxil olsa da, ailəsinin maddi imkanı olmadığı üçün qəbul olduğu universitetdən imtina edib ki, bacısı təhsil ala bilsin. Hazırda Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsinin 2-ci kurs tələbəsi olan bacısı Reyhan Şahbazlı deyir ki, qardaşı kimi şəhidlərimizin yazdığı tarixi şagirdlərinə tədris edəcək: “2018-ci ildə mən Bakı Dövlət Universitetinin Qazax filialına qəbul olundum, o isə Naxçıvan Dövlət Universitetinə qəbul olmuşdu. Dedi ki, mən oxumuram, Reyhanı oxudun. Mən də dedim ki, əsas Əlikram üçün vacibdir oxumaq, mən yenidən hazırlaşaram. Elə oldu ki, təhsil almağa imkan olmadı, oxuya bilmədik. Mənim ali məktəbə daxil olmaq xəbərimi qardaşım gətirib. İlk günlər məni universitetə o aparıb, bir yerdə gedib oturduq. Çox istərdim ki, məzun olduğumu da görsün”. İndi Əlikramın “mən şəhid olanda burda bulaq tikərsiniz” deyə arzu etdiyi yerdə onun adını daşıyan şəhid bulağı var: Müəllimi Akif Fərmanov Əlikram Şahbazlının keçdiyi döyüş yolundan danışır: “Çox gözəl döyüş yolu keçib. Hadrutun, Talış kəndinin, Suqovuşanın alınmasında müstəsna xidməti olub. Onun komandirinin sözlərinə görə, kiçik bir dəstə ilə 30-dək erməni əsgər və zabiti məhv edib”. Əlikram Şahbazlı döyüş meydanında bayrağımızı şərəflə dalğalandırmağı bacaran qəhrəman kimi xalqımızın yaddaşında daim qalacaq.

Nə düşünürsən?