15.03.2021 Dünyanın bu günü - Təqvim

  • 15.03.2021
  • 0

1. Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər nazirinin müavini, general-mayor, şərqşünas alim Məhəmməd Sadıq bəy Hacı İsmayıl oğlu Ağabəyzadə 1865-ci il martın 15-də Bakı quberniyasının Göyçay şəhərində dünyaya gəlib. 

2. Maarif xadimi, müəllim və şair Şeyx Məhəmməd Abdulla oğlu Rasizadə 1878-ci ilin bu günü Naxçıvanda anadan olub. 

3. İran şahı, Pəhləvilər sülaləsinin banisi Rza şah Pəhləvi 15 mart 1878-ci ildə Mazandaran əyalətinin Savadkuh şəhərindəki Alaşt kəndində anadan olub. Atası Abbas Əli Savadkuhda polkovnik, anası Nüşafərin Zəhra qafqazlı mühacir olub. 

4. XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Şəmşir 1893-cü ilin bu günü Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Gənc yaşlarından el yığıncaqlarında tanınmağa başlayıb. 

5. Azərbaycanın xalq artisti, aktyor Ağasadıq Ağaəli oğlu Gəraybəyli 1897-ci ilin bu günü Şamaxıda anadan olub. Atasını erkən yaşda itirib. Bakıya gələrək Əlisəttar kişi və Heyran xanımın ailəsində yaşayıb. 

6. Azərbaycan EA-nın həqiqi üzvü, biologiya elmləri doktoru, professor Mirzəağa Hacıbala oğlu Əlizadə 1910-cu il martın 15-də Bakının Əmircan kəndində doğulub. 

7. Azərbaycanın xalq rəssamı Kamil Əlabbas oğlu Xanlarov 15 mart 1915-ci ildə Bakı şəhərində anadan olub. Erkən yaşlarından incəsənətə maraq göstərən rəssam 1931-1935-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda təhsil alıb. 

8. Azərbaycanın xalq artisti, xanəndə Hacıbaba Hüseynəli oğlu Hüseynov 1919-cu ilin bu günü Bakının Çəmbərəkənd məhəlləsində dənizçi Hüseynəli kişinin ailəsində anadan olub.  

9. Coğrafiya elmləri doktoru, AMEA-nın müxbir üzvü Səfəralı Yaqub oğlu Babayev 15 mart 1923-cü ildə Naxçıvan MR Babək rayonunun Əznəbürd-Təzəkənd kəndində anadan olub.  

10. Azərbaycanın əməkdar incəsənət xadimi, şair, tərcüməçi Ələkbər Baba oğlu Salahzadə ‎1941-ci il martın 15-də Qonaqkənd rayonunun Cimi kəndində anadan olub. 

11. Şair, tərcüməçi və publisist İsa İsmayılzadə 1941-ci ilin bu günü Gürcüstanın Qarayazı rayonunda anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 

12. Azərbaycanın xalq artisti, müğənni Eldar Balağa oğlu Axundov 15 mart 1949-cu ildə Lənkəranda anadan olub. Səhnə fəaliyyətinə Azərbaycan Dövlət Mahnı Teatrında başlayıb, Azərbaycan Estrada-Simfonik Orkestrinin, Müdafiə Nazirliyi Əlahiddə Nümunəvi orkestrinin solisti olub. 

13. Qarabağ müharibəsi şəhidi Yavər Murtuz oğlu Həsənov 15 mart 1963-cü ildə Qərbi Azərbaycanın Ağbaba mahalının Amasya rayonunun Balıqlı kəndində dünyaya gəlib. 

14. Şəhid Malik Yaşar oğlu Bayramov 1964-cü il martın 15-də Şamaxı rayonunun Bağırlı kəndində dünyaya göz açıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Hərbi hazırlıq və bədən tərbiyəsi fakültəsini bitirib. 

15. Şəhid Akif Yasin oğlu Əliyev 1973-cü ilin bu günü Qərbi Azərbaycanın Amasya rayonunda doğulub. 1988-ci ildə ailəsi ilə birlikdə dədə-baba yurdundan deportasiya olunub. 

16. Şəhid Mirzə Musa oğlu Axundov 15 mart 1984-cü ildə Lənkəran rayonunun Gəgiran kəndində anadan olub. Kənd tam orta məktəbini bitirdikdən sonra 2002-2004-cü illərdə həqiqi hərbi xidmətdə olub. 

17. Şəhid Vüsal Nəsib oğlu Məmmədov 1998-ci il martın 15-də Zaqatala rayonunun Lahıc kəndində anadan olub. 

Nə düşünürsən?