Nazarbayev koronavirusla bağlı xalqına çağırış etdi

  • 09.04.2020
  • 0

Qazaxıstanın Birinci prezidenti, Türk dünyasının ağsaqqalı Nursultan Nazarbayevin “Egemen Qazaqstan” qəzetində koronavirus pandemiyası və ümumiyyətlə dünyada baş verən hadisələrlə bağlı “Biz birlikdə güclüyük” adlı geniş məqaləsi dərc olunub.
BakPost məqalənin aktuallığını nəzərə alaraq, həmin məqaləni Azərbaycan dilində təqdim edir:
Müstəqilliyimizin ilk illərində, elimizin ən çətin və böhranlı vaxtlarında mən bütün çətin və çıxılmaz məsələləri, problemləri vətəndaşlarımızıla müzakirə edir, fikirlərimi doğma xalqımla bölüşürdüm. Bu gün bütün dünyanın və dövlətlərin narahat olduğu bir vaxtda, millətimizin sağlamlığının təhlükə ilə üzləşdiyi bir zamanda hər kəsi səbrli və təmkinli olmağa çağırıram və yurduma ağ diləklərlə ürək sözlərimi çatdırmaq istəyirəm.

Gözlənilmədən gələn yaman xəstəlik – koronovirus dərdi bütün insanlığa qənim kəsilib. Artıq dünyada 1,4 milyon insan bu virusa yoluxub, on minlərlə insanın ömrü qırılıb. İndi bütün dünya ölkələri müasir texnologiya və elmi biliklərdən yararlanaraq, əməkdaşlıq edir, bu ağır mərəzin dərmanını tapmaq üçün bütün səylərini birləşdirib, elmi axtarışlar aparırlar.

Dünya ölkələri içərisində pandemiyayla mübarizəyə ilk başlayan ölkələrdən biri də Qazaxıstan oldu, qabaqlayıcı tədbirlər görməyə başladı. Ölkənin bütün əlaqədar orqanları xüsusi hazırlığa gətirildi, xarici ölkələrdə virusun necə peyda olduğu, pandemiyanın necə yayıldığı öyrənildi. Son nəticə olaraq biz öz imkanlarımız daxilində mümkün qədər bu bəlanın qarşısına sədd çəkməyə çalışdıq, indi koronovirusun yayılma miqyasını gecə-gündüz nəzarətdə saxlayırıq. Vəziyyətin stabilləşməsi üçün hadisələri nisbətən nəzarətə götürə bilmişik və bu iş əzmlə davam etdirilir. İndi bizim əsas məqsədimiz ümumxalq gücümüz birləşdirib, hər yerdə bir-birimizə əl tutmağı bacarmaqdır.

Nə düşünürsən?