Keçmiş məhkum narkotik üstündə yaxalandı

  • 09.04.2020
  • 0

Paytaxtda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Cavid Əliyev saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1,192 qram heroin aşkar olunaraq götürülüb. 

Keçirilən əlavə əməliyyat tədbirləri zamanı onun yaşadığı ünvanda odlu silah-sursat gizlətdiyi də müəyyən edilib. Hal şahidlərinin iştirakı ilə Cavid Əliyevin Zabrat qəsəbəsində yerləşən mənzilinə baxış zamanı  1 ədəd “Naqan” sistemli revalver tapança və həmin silaha aid 4 ədəd patron aşkar olunaraq götürülüb. 

O, həmin silah-sursatın ona 2010-cu ildə dünyasını dəyişən atasından qaldığını və saxlanılan günə qədər polisə təhvil verməyərək qanunsuz olaraq gizlətdiyini bildirib. 

Faktla bağlı toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. 

Nə düşünürsən?