Hər vətəndaşa 250 manat yardım...

  • 26.03.2020
  • 0

"İndiki çətin zamanda Azərbaycanda sahibkarlara vergi tətili elan edilməli, onların kredit faizlərinin hesablanması dondurulmalıdır”.

 

 

Sfera.az-a açıqlamasında bu sözləri koronavirus təhlükəsinin getdikcə kəskinləşdiyi bir ərəfədə Azərbaycanda sahibkarlara dəyən ziyanı kompensasiya etmək məqsədilə hansı addımların atılması vacibliyinə toxunarkən iqtisadçı ekspert Natiq Cəfərli deyib.


Ekspertə görə, əslində velosiped kəşf etməyə də ehtiyac yoxdur: "Bir çox dünya ölkələri yaranmış vəziyyətdə sahibkarlara dəstəklə bağlı müəyyən addımlar atıb. Dünən Rusiyada da vergi paketi qəbul olundu. Burada ən əsası vergi tətilinin elan olunmasıdır. Azı ilin sonuna qədər kiçik və orta sahibkarlar vergidən azad edilməlidir. Həmçinin onların kredit faizlərinin hesablanması dondurulmalıdır. Əsasən xidmət sahəsində iş yerlərinin itirilməsi ilə bağlı problemlər var. Belədə hazırkı vəziyyətdə vergilərlə bağlı tətillər elan edilsə, onlara müəyyən möhlət verilsə, sahibkarlara yaranmış durumda müəyyən dəstək vermək olar”.

 


N. Cəfərlinin fikrincə, fərdi qaydada insanlara kompensasiya verilməsi işi daha çətindir: "Çünki ölkədə rəsmi işləyənlərlə qeyri-rəsmi çalışanların sayı arasında ciddi fərq var. Əmək müqaviləsilə işləyənlərin sayı 1,6 milyon nəfərdir. Hansı ki, onlarla bağlı müəyyən addımlar atmaq olar. Bu kateqoriyadan olan insanların əksəriyyəti, 900 mini büdcə təşkilatında çalışdıqlarından maaşlarının ödənilməsi davam edərsə, bir problem olmayacaq. 700 min insan isə özəl sektorda çalışır. Onların əmək müqaviləsi olsa da qeyri-dövlət sektoru indiki halda gəlirlə işləmədiyindən, bu insanlara maaş ödəməkdə problem olacaq. Belə müqaviləli əsasda özəl sektorda işləyənlərə də Nazirlər Kabineti tərəfindən müəyyən kompensasiyalar verilməlidir”.

Müqaviləsiz əsasda işləyənlərə münasibətdə isə həmsöhbətimiz düşünür ki, fərdi qaydada, birbaşa yardımlar edilməlidir: "1,7 milyon insan isə Azərbaycanda müqaviləsiz çalışır. Onlarla bağlı vəziyyət daha çətindir. Onlarla bağlı çıxış yolu kimi ya bir çox Qərb ölkələrinin tətbiq etdiyi bütün vətəndaşlara fərdi qaydada, birbaşa yardımlar edilməsi məsələsi gündəmə gələ bilər. Məsələn, ABŞ-da 18 yaşdan yuxarı insanlara 1000, uşaqlar üçün isə birdəfəlik 500 dollar yardım nəzərdə tutulub. Türkiyədə də bu ayın sonundan 1000 lirə yardım edilməsi gözlənilir. Azərbaycanda da belə bir qayda gündəmə gəlməlidir.Oturub kimin müqavilə ilə və ya müqaviləsiz çalışdığını araşdırmaq üçün zamana ehtiyac var. İndilikdə isə zamanı gözləmək vaxt itirmək deməkdir. Ona görə düşünürəm ki, Azərbaycanda da hər bir vətəndaşa biləcək birdəfəlik və birbaşa yardımların edilməsi vacibdir. Hər bir vətəndaşa 250 manat səviyyəsində birdəfəlik yardım edilməlidir”.

Nə düşünürsən?