Sürücü ilə bağlı Vaqif Əsədovdan açıqlama

  • 24.03.2020
  • 0

Sürücü maska və əlcəkdən istifadə etməyən yol polisinə etirazını bildirərək özünü təqdim etməkdən boyun qaçırdıb.

YPX inspektoru avtomobili saxlatdıraraq, sürücüyə yaxınlaşıb və ondan sənədlərini təqdim etməyi tələb edib. Lakin sürücü polisin maska və əlcəkdən istifadə etməməsinə etiraz edib və avtomobilin şüşəsini endirərək özünü təqdim etməkdən imtina edərəkən aralarında belə bir dialoq keçib:

Sürücü: “Maskan, əlcəyin hanı?”

İnspektor: “Məcburi deyil”

Sürücü: “Vaqif Əsədov deyib ki, maska və əlçəkdən istifadə məcburidir. Mən bilmirəm, bəlkə sən xəstəsən?”

Daha sonra inspektor geri çəkilib və sürücüyə hərəkətini davam etdirməsini bildirib. 

Bu video sosial şəbəkələrdə paylaşılıb və izləyənlər tərəfindən birmənalı qarşılanmayıb. 

İlk öncə onu bildirək ki, ölkəmizdə karantin elan olunub və hər kəs karantin də daxil olmaqla bütün qanunlara birmənalı olaraq əməl etməlidir. Karantin müddətində nəyin qadağan edilib nəyin edilmədiyini YPX.AZ da daxil olmaqla xəbər portallarında hər gün yayımlanır. Hər halda polkovnik Vaqif Əsədovun hərəkət iştirakçılarına etdiyi müraciətlər zamanı işlətdiyi hər bir söz qeydə alınır və hər kəs məlumatlansın deyə yayımlanır. Qeyd edək ki, polis inspektorlarının xidmət zamanı maska və əlcəkdən istifadə etmələri haqqında hələ ki hansısa qanun qəbul edilməyib və belə bir qanun qəbul edilsə DİN tərəfindən məlumat verilər və bu məlumat polkovnik Vaqif Əsədov və başqa nümayəndələr tərəfindən KİV ilə cəmiyyətə bildirilər. Təbii ki, belə bir şey yoxdur. Sürücü yalandan böhtan atmaqla sadəcə yoxlanışdan yayınmaq istəyib. Təbi ki, şüşəni endirməməsi, danışıq tərzi, “bəlkə xəstəsən” deməsi xidmət başında olan polis inspektoruna qarşı hörmətsizlikdir. Azərbaycan polisi bu karantin günlərində gücləndirilmiş iş rejimində,  ` yaxın-uzaq, gecə-gündüz demədən Azərbaycan xalqının rifahı üçün xidmət aparır. Biz onlara səbrlə, hörmətlə yanaşmalıyıq. Hər halda həmin polis inspektoru ölkəmizdə də yayılan virus xəbərlərinin, karantin rejiminin sürücüdə səbəb ola biləcəyi mümkün psixoloji vəziyyəti də hesaba qataraq qayda pozmuş olsa belə yoluna davam edə biləcəyini bildirərək məsələni anlayışla qarşılayıb. İnspektorun bu addımı alqışlanası haldır. Bir sürücünün yalan danışdığının fərqində olasan ancaq o anki vəziyyəti dəyərləndirərək bu dərəcədə anlayışlı olasan, əhsən!

Məsələyə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov da fikrini bildirərək deyib ki: 
 
“Mövcud vəziyyətlə bağlı Nazirlər Kabinetinin qərarına əsasən, bütün qurumlar, nazirliklər qabaqlayıcı tədbirləri daha da gücləndirib. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi də əməkdaşlarına tövsiyə xarakterli müraciət edərək, tibbi maska və əlcəklərdən istifadə etmələrini xahiş edib. Burada heç bir məcburiyyət və rəsmi qərar yoxdur. Mən belə açıqlama verməmişəm. İdarə əməkdaşları da bütün yoxlamalardan keçib. Hər gün mütəmadi olaraq, idarədə dezinfeksiyaedici məhlullardan istifadə edilir. Necə ola bilər ki, xəstə əməkdaş iş başında olsun? 

Həmin vətəndaş şəxsi mənafeyi xətrinə polisin fəaliyyətinə kölgə salmağa çalışıb. Bu, hazırlanmış “ssenaridir”. Ölkə ərazisində koronavirusla bağlı bu qədər ciddi vəziyyət davam edərkən, vətəndaşların məsələyə qeyri-ciddi yanaşması təəssüf doğurur. Yol polisinin fəaliyyətinə qarşı əsassız etiraz və təxribat xarakterli videonun çəkilməsi, sosial şəbəkədə paylaşılmasının nəyə xidmət etdiyini anlaya bilmirəm. Yəqin ki, həmin şəxs barəsində aidiyyəti orqanlar tərəfindən tədbir görüləcək”.

Nə düşünürsən?