1 milyard vəsait hansı istiqamətlərə xərclənəcək?

  • 20.03.2020
  • 0

Dövlət başçısının sərəncamı ilə koronavirusun səbəb olduğu zərərlərin qarşısının alınması üçün ayrılan 1 milyard manatlıq vəsait müxtəlif istiqamətlərə yönləndiriləcək. Burda sahibkarlara dəstəkdən tutmuş, işsiz qalan insanların sosial müdafiəsinin gücləndirilməsinə qədər çoxsaylı fəaliyyət istiqamətləri mövcuddur.

Dövlət başçısının koronavirusla mübarizəyə 1 milyard manat ayırması dünya gündəmini zəbt edən təhlükəli epidemiya ilə mübarizədə Azərbaycan üçün yeni bir səhifə açır. Bu isə o deməkdir ki, Azərbaycan təkcə mövcud ehtiyyatlarla kifayətlənmir və yeni virusun yayılmasının qarşısını almaq üçün ciddi əlavə tədbirlər görür. Millət vəkili Vüqar Bayramov bildirir ki, dövlət başçısının imzaladığı sərəncam koronavirusla mübarizədə dövlət qurumlarının daha çevik reaksiyasını təmin etməyə imkan verəcək. Əsas diqqətlərdən biri məhz məşğulluğa olan mənfi təsirləri aradan qaldırmağa yönəldiləcək.

Əsas istiqamətlərdən biri isə banklara dəstəyin verilməsidir. Çünki, koronavirus infeksiyasının yayılmasının ən çox təsir etdiyi sahələrdən biri də bank-maliyyə sektorudur.

Vüqar Bayramov onu da qeyd edir ki, sahibkarlara dəstək verilməsi üçün də hazırda yeni təkliflər paketi hazırlanır. Bunda əsas məqsəd sahibkarların yeni şəraitə adaptasiya olmasına kömək etməkdir.

Onu da qeyd edək ki, dövlət başçısının sərəncamı ilə ayrılan vəsaitin yönəldilməsi üçün müzakirələrdə özəl sektorun nümayəndələri də iştirak edəcəklər. Bunda əsas məqsəd dövlət qurumları ilə yanaşı özəl sektorun da ehtiyacları və problemlərinin müəyyən olunması, eləcə də bu istiqamətdə atılacaq addımların effektivliyinin təmin etməkdir.