Bakıda 18 evi talayan şəxslər ələ keçib

  • 19.03.2020
  • 0

Bakıda 18 evdən oğurluq edən şəxslər tutulub.

Xezerxeber.az-ın məlumatına görə, Bakının Suraxanı və Hövsan qəsəbələrində yaşayan bir neçə şəxs polisə məlumat veriblər ki, evlərindən müxtəlif vaxtlarda oğurluq olub. Polis əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakinləri Samir Abdullayev və Hüseynağa Bağırovu bu işdə şübhəli bilərək tutub. Araşdırma zamanı Samir Abdullayevin Hövsan qəsəbəsində 10, Hüseynağa Bağırovun Suraxanıda 8 mənzildən pul, qızıl-zinət, məişət əşyaları, təmir-tikinti alətləri oğurladıqları məlum olub.

Paytaxtın Nizami rayonu ərazisində isə polis soyğunçuluq cinayətinin üstünü açıb. Rayonun Rüstəm Rüstəmov küçəsi 24 ünvanında naməlum şəxs Təhmin Gərayevaya zor tətbiq edərək onun içərisində 104 manat, mobil telefon, sənədlər və digər şəxsi əşyaları olan çantasını əlindən alaraq hadisə yerindən qaçıb.

Yaranan səs-küyə həmin yerin yaxınlığından keçən Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Əziz Qurbanov dərhal reaksiya göstərərək qadının çantasını soyğunçuluq yolu ilə alıb qaçan şəxsi təqib etməyə başlayıb. Polis əməkdaşı çevikliyi sayəsində cinayəti törədən şəxsi yaxalayaraq soyğunçuluq yolu ilə ələ keçirdiyi maddi sübutla birlikdə ərazi üzrə 24-cü polis şöbəsinə təhvil verib.

Bölmədə araşdırma aparılan zaman həmin cinayəti törədən şəxsin Cəlilabad rayon sakini əvvəllər məhkum olunmuş Şaiq Həsənov olduğu məlum olub.

Faktla bağlı saxlanılan şəxs barəsində araşdırmalar davam etdirilir.