Abşeron dairəvi dəmiryolu xətti hansı işi görəcək?

  • 18.03.2020
  • 0

Abşeron rayonunun Görədil kəndi, Novxanı qəsəbəsində yaşayan vətəndaşlar şəhər mərkəzinə gəlmək üçün azı iki nəqliyyat vasitəsi dəyişməli olurdular. Bundan əlavə ən yaxşı halda bunun üçün saatlarla vaxt lazım olurdu. Ancaq artıq tam istifadəyə verilən Abşeron dairəvi dəmiryolu vətəndaşların həm cibinə, həm də vaxtına qənaət etməsinə səbəb olub. Yeni dəmiryol stansiyalarının fəaliyyətə başlaması eyni zamanda tarixi hadisədir.

Şəhər mərkəzindən Pirşağı, Görədil və Novxanıya marşrutla getmək ən az 1 saat, tıxac olduqda isə bəzən saatlarla zaman tələb edirdi. Ancaq Abşeron dairəvi dəmiryol xəttinin tamamlanaraq vətəndaşların istifadəsinə verilməsi bu yolu qət etmək üçün zamanı saatlardan dəqiqələrə endirib.

Vətəndaşlar bildirir ki, Abşeron dairəvi dəmiryolu xətti həlqəsinin tam istifadəyə verilməsi onların şəhərə gediş-gəlişini dəfələrlə asanlaşdırıb.

Abşeron rayonunun Görədil kəndində yeni stansiyanın istifadəyə verilməsi də ərazidə yaşayan vətəndaşlar tərəfindən böyük sevinclə qarşılanıb.

Abşeron dairəvi dəmiryol xətti paytaxtın mərkəzindən kilometrlərlə uzaqda yaşayan insanların nəqliyyat problemini həll etmək üçün icra olunan sırf sosial bir layihədir. Çünki, bu layihəyə xərclənən milyonlarla manat vəsait ancaq vətəndaşın rahatlığının təmin edilməsinə hədəflənib. Eyni zamanda bu dəmiryolu xəttinin tamamlanması tarixi bir hadisədir. Belə ki, sovet dönəmindən bəri istifadə edilməyən stansiyaların ən müasir formada yenidən vətəndaşların xidmətinə verilməsi müstəqil Azərbaycanın dəmiryol tarixində bir ilkdir. Bütün bunlarla yanaşı layihənin icrasında daha bir məqsəd isə tıxacların qarşısını almaqdır. Bu ərazilərə hərəkət edən bir sıra marşrut xətləri ya xətdən çıxarılacaq, ya başqa ərazilərə yönləndirilməsi həyata keçiriləcək. Azərbaycan Dəmiryolları Qapalı Səhmdar cəmiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, yeni açılan stansiyalar üçün qatarların yeni hərəkət qrafiki və gediş tarifi qısa vaxtda ictimaiyyətə elan olunacaq.

Nə düşünürsən?