İki “Avtoş” həbs edildi

  • 17.03.2020
  • 1

Artıq bir neçə dəfə haqqında xəbər verdiyimiz “Qara 07”, yəni 90 HX 242 dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobil və sürücüsü də daxil olmaqla iki avtoxuliqan həbs edilib. Bir avtoxuliqan isə axtarışdadır. Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsindən YPX.AZ-a verilən məlumata görə, sosial şəbəkələrdə aktiv avtoxuliqanlıq videoları paylaşılan 90 HX 242 dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobilin sürücüsü Şərifov Nurməmməd Məhəmməd oğlu və 90 UF 314 dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobilin sürücüsü Bayramov Feyzi Salman oğlu bir neçə gün öncə saxlanılıblar. Onların barəsində toplanmış materiallar Yasamal rayon Məhkəməsinə göndərilib. Bu gün məhkəmənin qərarı ilə hər iki avtomobilin sürücüsü 1 ay müddətinə inzibati qaydada həbs edilib. Eyni zamanda, onlar sürücülük hüququndan 1 il müddətinə məhrum ediliblər. Həbs edilən sürücülərlə birlikdə avtoxuliqanlıq edən 99 KB 698 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Əsədov Çapay isə hazırda axtarılır.

Qeyd edək ki, saxlanılan avtoxuliqanların artıq uzun müddət idi ki sosial şəbəkələrdə paytaxt yollarında avtoxuliqanlıq etmələrinin əks olunduğu görüntülər özləri və digər sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılırdı. YPX.AZ olaraq dəfələrlə bu sürücülərin, Bakı şəhərinin mərkəz küçələrində ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozması, cəmiyyətə açıqca hörmətsizlik etməsi, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozması haqqında məlumatlar vermişdik. 

İnzibati Xətalar Məcəlləsinin 511.1 maddəsinə əsasən 90 HX 242, 90 UF 314 və 99 KB 698 dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobillərin sürücülərindən ikisinin artıq inzibati qaydada cəzalandırılması, digərinin isə cəzalandırılmaq üçün axtarılması hazırladığımız sujetlərin, yayımladığımız görüntülərin artıq nəticə verməsi deməkdir. “Avtoş”luq adlanan ölümə aparan marağın gənclərimizin düşüncəsində bu formada da olsa öləcəyinə, bu əməllərdən yayınmalarına örnək olacağına ümid edirik.

Nə düşünürsən?