Ölkəmizdə koronavirusla bağlı ən çox səslənən suallara cavab

  • 17.03.2020
  • 0

COVİD-19 koronavirusu dünya ölkələrinə sürətlə yayılmaqdadır. Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da məhdudlaşdırıcı və önləyici tədbirlər görülür.

İtaliya, Fransa, Almaniya, Çexiya, Britaniya, Rusiya və s. ölkələrlə müqayisədə Azərbaycanda koronavirusla bağlı situasiya qat-qat normaldır. Lakin vətəndaşlarımızı maraqlandıran suallar çoxdur, onlar narahatdır və təbii ki, suallarına cavablar istəyirlər.

Bunu nəzərə alaraq əsas sualları cavablamağa çalışdıq.

 

1. Aviareyslərin ləğvi, sərt məhdudlaşdırıcı tədbirlər, sərhədlərin qapanması nəyə gərəkdir? Bu, panikadırmı?

Yox. Bütün bunlar ölkələrin səhiyyə sistemlərinə koronavirusla bağlı düşən ağır yükü azaltmaq üçündür. Karantin, məhdudiyyətlər və s. yeni yoluxma faktlarının sayını azaldır, virusun yayılmasını ləngidir və pasiyentləri sağaltmaq üçün həkimlərə vaxt verir.

Epidemiologiyada səhiyyə və tibbi yardım sistemlərinə dəyən zərbənin yumşaldılması dəfələrlə sınanmış effektiv praktikadır. Aktiv məhdudlaşdırıcı tədbirlər olmadan virusla mübarizə çox çətindir.

Məhdudlaşdırıcı tədbirlər olmasa infeksiyanın yayılma sürəti o qədər çox ola bilər ki, virusa yoluxan və tibbi yardıma ehtiyacı olanların sayı səhiyyə müəssisələrinin resurslarını keçə bilər. Həmin resursları sürətlə artırmaq mümkün deyil. Belədə intensiv terapiya bölmələrindəki palatalarda çarpayılar, ağciyərlərin süni ventilyasiya aparatları və sadəcə, həkimlər çatışmayacaq. Sonucda virusdan ölüm halları artacaq.

Aktiv məhdudlaşdırıcı tədbirlər sayəsində virusun yayılmasının sürəti aşağı salınırsa, həkimlər müvafiq yardımlara və müalicəyə vaxt əldə edirlər. Bununla yanaşı, əsas zərbəni öz üzərinə qəbul edən həkimlər hər an yoluxma riskinə rəğmən nisbətən sakit rejimdə çalışa bilirlər.

 

2. Məhdudlaşdırıcı tədbirlər kömək edir?

Bəli. Bir şərtlə ki, vaxtında qəbul edilərək yetərincə sərt olurlar. Çin, Cənubi Koreya, Yaponiya, Sinqapur, habelə doğma Azərbaycandakı sərt tədbirlər buna misaldır.

Bəşəriyyət tarixində respirator xəstəliklərinin genişmiqyaslı pandemiyaları az olduğundan müxtəlif məhdudlaşdırıcı tədbirlərin effektivliyi ilə bağlı empirik məlumatlar azdır.

Lakin koronavirusun yarandığı Çindəki Uhan və Heynan vilayətlərində 500 milyon (!) insanı əhatə edən məhdudlaşdırıcı tədbirlər habelə karantin çox ciddi effekt verib.

3. Koronavirusun yayılma sürətini necə azaltmaq olar?

Çox asan - hər şey öz əlimizdədir. İnsanlar arasındakı təmasları kəskin və radikal şəkildə azaltmaqla virusa qalib gəlmək olar.

İstənilən yeni epidemiyanın proqnozlaşqdırılması zamanı adətən naməlum olan məsələ R₀ baza reproduksiya əmsalıdır. Bu əmsal virusa yoluxmuş bir adamın yoluxdura biləcəyi insanların orta sayıdır. Təbii ki, əmsal həm də virusun özündən asılıdır. Məsələn, ətraf mühitə nə qədər dayanıqlıdır, hüceyrələrə necə sirayət edir, sürəyi nə qədərdir və s.

Yoluxmuş insanların orta sayı, yəni R₀ həm də sosial təmasların orta sayından asılıdır. Hətta virusun bir təmasla ötürülmə ehtimalı yüksək olsa da, populyasiyada təmasların sayını kəskin azaltmaqla R₀ əmsalını əhəmiyyətli dərəcədə azaltmaq olar.

Məşhur britaniyalı epidemioloq Adam Kuçarskinin hesablamalarına görə, koronavirusa yoluxma statistikasını 2 dəfə azaltmaq üçün R₀ əmsalını, sadəcə, 10 faiz aşağı salmaq kifayətdir.

İtaliya, İran, İspaniya, Ermənistan kimi ölkələrdə koronavirusa yoluxanların həndəsi silsilə ilə artması bir daha sübut edir ki, yoluxma hallarının azaldılması üçün ən kiçik məhdudlaşdırıcı tədbirlər belə, vaxtında və effektiv tətbiq olunsaydı, indiki vəziyyət yaşanmazdı.

Əgər R₀ kritik səviyyəyə qədər endirilərsə, koronavirus epidemiyası tezliklə başa çatacaq. Bu, yoluxmuş insanların sayından və ya yeni vaksinin yaradılmasından asılı deyil.

2003-cü ildə tüğyan edən SARS epidemiyası zamanı məhz belə vəziyyət yaranmışdı: sərt karantin tədbirləri gerçəkləşdiriləndən sonra virus təbii şəkildə öldü.

COVİD-19 koronavirusu yayılmağa başlayanda çox ekspertlər düşünürdülər ki, SARS-CoV-2 virusu ilə bağlı situasiya təkrarlana bilər. Fəqət, koronavirus SARS-la müqayisədə daha sürətlə yayıldı, Çində karantin gec tətbiq olundu: Uhanda koronavirusun insandan insana keçməsi təsbitlənəndən düz 6 həftə sonra...

 

4. Koronavirus geniş miqyasda yayılacaq?

Yox. Epidemiya yalnız o zaman səngiyəcək ki, yoluxanlar arasında sağalanların və peyvənd olunanların sayı çoxalsın.

İstənilən epidemiyanın, yoluxucu xəstəliyin dinamikası o qədər də mürəkkəb olmayan riyazi qanunlara tabedir. Məsələn, koronavirusa yoluxmuş bir adam orta hesabla hansısa populyasiyada bir adamdan çox şəxsi yoluxdurursa, yoluxanların sayı eksponenta ilə artacaq. Əgər dövlət qurumları astagəllik edirlərsə, eksponenta çox "dik" olacaq.

5. Çində koronavirusa yeni yoluxanların sayı azalır. Səbəb nədir?

 

Təbii, bu, mühüm qələbədir. Amma müvəqqətidir. Karantin ləğv olunandan sonra koronavirus istənilən an qayıda bilər. Çində indi koronavirusa yeni yoluxma hallarının sayı azalıb. Lakin sağalanların və ya peyvənd olunmuşların sayı artmayınca, bu durum sonadək söndürülməmiş tonqalı xatırladır.

6. Azərbaycanda məhdudiyyət və karantin tədbirlərini yumşaltmalıyıqmı?

Hələlik yox. Çindəki kimi davranmasaq, İtaliyadakı bərbad və təhlükəli situasiya ilə üzləşə bilərik. İnfeksiyanın, virusun yayılma qanunları bütün ölkələrdə eynidir. Vaksinlər və antivirus preparatları hələ hazırlanmadığından yeganə ümid qefri-farmasevtik tədbirlərədir. Yəni sərhədlərin bağlanması, karantin, kütləvi tədbirlərin təxirə salınması, məktəblərin və universitetlərin bağlanması, sosial məsafə saxlamağın təbliği və s.

Bu tədbirlər sərt (containment) və ya mülayim (mitigation) ola bilər.

İki strategiya arasında prinsipial fərq yoxdur. Hər ikisi yetərincə ağır məhdudlaşdırıcı tədbirlərin gerçəkləşdirilməsini tələb edir.

Azərbaycanın seçdiyi strategiya effektivdir: hökumətin davranış taktikası koronavirusa yeni yoluxma hallarının minimuma endirilməsi və virusun "idarəolunma" səviyyəsinə çatdırılmasınadək sərt, sürətli qabaqlayıcı tədbirlərə əl atılmasıdır.

Bu, infeksiyanın elə ilkin mərhələdə inkişafına mane olaraq vaxt udmağa yardım edir.

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreisus bəyan edib ki, COVİD-19 koronavirusunun pandemiya elan edilməsi təlaşa düşmək üçün əsla səbəb deyil: "Kimsə geri çəkilməməlidir. Məhdudlaşdırıcı və qabaqlayıcı tədbirlərdən yumşalmaya keçidin vaxtının çatdığını düşünmək təhlükəli və yanlışdır".

Təbii, məhdudlaşdırıcı tədbirlər və karantin nə qədər sərtdirsə, Azərbaycan iqtisadiyyatına bir o qədər ağır yük düşür, zərər dəyir. Lakin rəsmi Bakı iqtisadi məsrəflərlə risk qrupundakı insan həyatlarının xilası arasında seçim etmədən ikinciyə üstünlük verib. Çünki bu, artıq empirik yox, etik məsələdir.

 

İstənilən pandemiyanın müəyyənləşdirlməsi üçün ÜST bir neçə göstərici (tviqqer) hazırlayıb ki, onların arasında ən əsası virusun ölkə daxilində, lokal ötürülməsidir.

Azərbaycan hakimiyyəti də məhz vətəndaşların sağlamlığını ön plana çəkib.

7. Azərbaycanda koronavirusa yoluxanların real sayı gizlədilə bilərmi?

Yox, çünki ölkədəki səhiyyə müəssisələri monitorinq olunur, beynəlxalq təşkilatlar transparentlik, yəni şəffaflıq tələb edirlər.

Azərbaycanda rəsmi qurumlar yoluxma statistikasını saxtalaşdırmırlar və bunda maraqlı da deyillər. Səbəb çox sadədir: saxtalaşdırma heç bir nəticə vermir, verə də bilməz və virus eksponensial, yəni ən yüksək fazaya daxil olanda saxtakarlıq dərhal faş olunur.

İran, İtaliya və Fransadakı situasiya buna dəlalət edir.

ÜST hesabatlarına görə, koronavirusla bağlı dürüst statistika açıqlayan ölkələr arasında Almaniya, İsveç, Norveç, Britaniya və İsveçrədən sonra Azərbaycan 5-ci yerdədir.

 

8. Koronavirusdan qorunmaq üçün nə edim?

İmkan varsa, evdən işləyin. Yoxdursa, maska taxaraq küçəyə çıxın. Əllərinizi yaxşı yuyun, insanların sıx olduğu yerlərə getməyin. Müvafiq dövlət qurumlarının, xüsusilə də Səhiyyə Nazirliyinin tövsiyələrinə və göstərişlərinə əməl etmək mütləqdir. İroniya, lağlağı, "əşşi, mənə heç nə olmaz" tipli açıqlamaların vaxtı deyil. Bir məqamı dərk etməliyik: dövlət qurumlarının açıqlamalarına riayət olunmalı, göstərişlərinə əməl etməliyik. Mütəxəssislərin məsləhətlərini dinləyin. Sosial şəbəkələrdəki qeyri-rəsmi məlumatlara inanmayın. Koronavirusla bağlı, sadəcə və sadəcə, rəsmi mənbələrin açıqlamaları etibarlıdır.

9. Bütün bunlar nə zaman başa çatacaq?

 

Dəqiq cavabı kimsə bilmir. Koronavirusa qarşı effektiv vaksinin hazırlanmasına - hətta effektivliyin kliniki tədqiqatları nəzərə alınmadan - 3-6 ay vaxt gedə bilər. ÜST və ya digər beynəlxalq təşkilatlar koronavirusun başa çatacağı müddəti açıqlamayıblar. Ən pis halda karantin tədbirləri üç ay davam edə bilər.

Azərbaycana gəldikdə isə, Çində koronavirusla effektiv mübarizə metodikası təkrarlanır. Yəni karantin tədbirləri tədricən yumşaldılacaq, həkimlər yeni yoluxma hallarının sürətini aşağı salmağa çalışacaqlar.

Yayda koronavirusun yayılma sürəti aşağı düşəcək - indiyədək yaşanmış pandemiyalar təcrübəsi buna dəlalət edir.