"Yolları cəmiyyət olaraq nizamlayaq"

  • 12.03.2020
  • 0

Dünən Təbriz küçəsi, Nərimanov parkı ilə üzbəüz, yolun əsk tərəfində hökm edən xaos haqqında reportaj yayımlamışdıq. Ərazidə apardığımız çəkiliş zamanı ictimai nəqliyyat sürücülərinin çətinliklərindən, dayanma və durmanın qadağan edildiyi yerlərdə olan qanunsuz parklanmadan, yolun hərəkət zolağının və ictimai nəqliyyat dayanacağının zəbt edilməsindən xəbər vermişdik.

Artıq bu gün Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən və Bakı Nəqliyyat Agentliyindən nümayəndələr həmin ərazidə hərəkət iştirakçılarını məlumatlandırmaq, qanun pozuntularına qarşı mübarizə aparmaq və hərəkətin nizama salınması üçün əraziyə cəlb olunmuşdular. Sözügedən əraziyə həmçinin Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov, Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mayis Ağayev də gələrək hazırki vəziyyətlə yerində tanış olub, YPX.AZ-a müsahibə verərək bizim vasitəmizlə hərəkət iştirakçılarına müraciyyət ünvanlayıblar.

Ərazidəki vəziyyətə nəzarətdə polkovnik Vaqif Əsədov öncülük edərək sürücülərin qanunsuz parklanmasına qarşı BNA əməkdaşlarına köməkliyini göstərmiş, sürücülərin qadağan edilmiş yerlərdə parklanma etməmələri ilə bağlı göstərişlər verərək, dayanma və durma qaydalarını pozan sürücülərin cərimələnməsini təmin etmişdir.

Müsahiba zamanı polkovnik yollardakı nizamı təkcə yol polisinin deyil, hər bir hərəkət iştirakçısının qanunlara riayət edərək qoruyub saxlamalı olduğunu bildirib:

Komandamız ərazidə olduğu müddət ərzində BNA əməkdaşları bir çox qanunsuz park edilmiş nəqliyyat vasitələrini cərimələyib. Təəssüflər olsun ki, hərəkət iştirakçıları ərazi nəzarətsiz qalan kimi, hərəkət zolaqlarında avtomobil park edir, yenidən vəziyyətin köhnə halına dönməsinə şərait yaradırlar. Sürücülər “2 dəqiqəyə, 5 dəqiqəyə gəlirəm” deyib, yenə yolun hərəkət hissəsini bağlamağa cəhdlər ediblər. Təbii ki, yol hərəkətini nizamlayan qurumlar günün bütün saatlarında bu və bu kimi problemli yerlərdə xidmət apararaq nizamı qoruya bilməzlər. Bunun üçün hər kəs öz üzərinə düşən vəzifəni məsuliyyətlə və qanunlar çərçivəsində icra etməlidir. 

YPX.AZ-a müsahibə verən agentlik sözçüsü Mais Ağayev bildirib ki, bu kimi tədbirlər tez-tez keçirilir, xüsusi ilə də “şəhərin həssas nöqtələr” dediyimiz Nəriman Nərimanov, Koroğlu, Əhmədli, 20 Yanvar metro stansiyaları ətrafında.

Dünən sürücülərin polis əməkdaşlarına etdikləri çağırışa qarşılıq olaraq bu gün yol polisi və agentlik əməkdaşları ərazini nizama salsalar da, bu nizamı qoruyub saxlamaq hər bir hərəkət iştirakçısının borcudur. Hərəkət iştirakçıları qanunlara əməl edərək yollarda yarana biləcək çətinliklərin önünə keçməlidirlər.

Nə düşünürsən?