Qafqaz İslam Ordusu və Nuru Paşanın Azərbaycanda izləri

  • 09.03.2020
  • 0

İndi sizi virtual olaraq Abşeron rayonunun Qobu kəndində yerləşən və şanlı bir tarixə şahidlik edən bir evə aparırıq. Söhbət o evdən gedir ki, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanı bir neçə ay qonaq edib. Bu müddət ərzində bu ev Nuru Paşanın qərargahı olub. Yəni hərbi əməliyyatlar bir müddət buradan idarə olunub. Bütün bunları həmin dövrdə evin sahibi olmuş Kərbəlayı Qasımın nəvələri "Xəzər Xəbər"ə danışıblar.

1918-ci ildə - Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu dövrdə Azərbaycan xalqının köməyinə gələn Nuri Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu böyük sevinclə qarşılanır və bu ordunun hər bir əsgərinə böyük hörmət göstərilir. İnsanlar öz evlərini bu şanlı ordunun üzünə açır.

Nuru Paşanı Qobu kəndindəki evində qonaq saxlayan Kərbəlayi Qasımın nəvəsi Akif Qasımov babasından eşitdiklərini Xəzər Xəbər-in mikrofonuna danışıb. Nuru Paşa bu ikimərtəbəli evin ikinci mərtəbəsində qalıb, birinci mərtəbədə isə Kərbəlayi Qasımın ailəsi yaşayıb. Akif Qasımovun sözlərinə görə, Nuru Paşa Bakını tam azad edənə kimi bütün əməliyyatları bu evdən idarə edib, xüsusilə də Xəzər dənizində baş verən hərəkətliliyi buradan nəzarətdə saxlayıb.

Kərbəlayı Qasımın altı neft quyusu olub, 1936-cı ildə kənddə kolxoz qurulanda əmlakı və neft quyuları əlindən alınıb. Repressiya dövründə onu ölümdən xilas edən isə Bakı camaatının "doxtur" deyə çağırdığı Nəriman Nərimanov olub.

Bu kənddə Qafqaz İslam Ordusundan yadigar qalan digər abidə isə bu hamamdır. Türk əsgərlər hamamla bağlı ehtiyaclarını məhz burada ödəyiblər.

Üzərindən illər keçsə də, Qobu qəsəbəsi hələ də Nuru Paşanın və Qafqaz İslam Ordusunun nişanələrini saxlayır.

Nə düşünürsən?