"Avtoş"lar, piyadalar, qayda pozan sürücülərin diqqətinə!

  • 05.03.2020
  • 0

“Avtoş”lar, qayda-qanun tanımayan sürücülər, yollardakı hərəkət iştirakçılarının diqqətsizliyi və sükan arxasında telefonla məşğul olmaq. Bütün bu sadaladıqlarımız YPX.AZ Medianın son zamanlar gündəmində saxladığı məsələlərdir. Yol hərəkət iştirakçılarının mariflənməsi və yollarımızın daha təhlükəsiz olması üçün avtoxuliqanlığa qarşı apardığımız mübarizəni, sürücülərin diqqətinin yayınması səbəblərinin azalması üçün #TelefonaYoxYolaBax layihəmizi, tıxacların, qəzaların azalması üçün qayda pozan sürücüləri xəbər olaraq yayımlayıb, ictimailəşdirməyimizi günü gündən daha da genişləndirib, artıracağıq. 

Bu günə kimi olan bütün fəaliyyətlərimiz hələ başlanğıcdır. Davam edəcəyik. Bilirsinizmi niyə? 

Gəlin “Niyə?”-ni araşdıraq, ortaya məntiq qoymağa çalışaq.

Məqalənin hazırlandığı iki mart 2020 tarixi günü paylaşdığımız qəza hadisələrində 5 ölüm və 9 yaralanma faktı qeydə alınıb. Bu qəzalarda sürət, svetoforun qırmızı işığında keçmə və diqqətsizlik başlıca səbəblərdir. 

Ümumiyyətlə ötən 10 gün ərzində  baş verən yol nəqliyyat hadisələrində 22 nəfər ölmüş, 20 nəfər isə yaralanmışdır. Bu statistika Daxili İşlər Nazirliyinin yayımladığı rəsmi məlumatlar əsasında ortaya çıxır. Bəli, son 10 gündə 22 can bu dünyadan köçüb. Səbəb isə bizlərik, biz hamımız..
Çünki biz gözləməyi sevmirik, svetoforun qırmızı işığında keçirik, piyada keçidlərində yol vermirik, özümüzü hər kəsdən üstün sayıb əks yola çıxırıq.

Çünki bizlərdən avtoxuliqanlıq edənlərimiz var, onları dəstəkləyənlərimiz var, “əşşi nəyimə lazım” deyib göz yumanımız var. 

Çünki biz bir müəllimənin rəqs etməsini gündəm edib qınamağı daha yaxşı bacarırıq nəinki gənclərimizin yollarda xuliqanlıq etməsini.

Çünki biz telefonsuz yaşaya bilmirik, avtomobil idarə edərkən, yol keçərkən diqqətimizi telefona yönəltməyi daha vacib bilirik.

Çünki biz hər birimiz özlüyümüzdə nələrəsə diqqətsiz yanaşırıq, çünki biz bəzi şeylərin mahiyyətini dərk etmirik.

İki mart 2020-ci il tarixində və ötən 10 gündə baş verən yol nəqliyyat hadisələrində ən çox iştirakı olan avtomobillər isə el dili ilə desək “sovet” avtomobilləridir. Hansı ki, “Avtoş”ların “əvəzedilməzi” olan “VAZ 2106”, “VAZ 2107”, “Lada NİVA” və s..

Bu sadaladığımız avtomobillərin təhlükəsizliyi daha aşağıdır, sürücü və sərnişinləri qorumaq üçün hava yastıqları mövcud deyil və bütün bunlardan əlavə olaraq avtoxuliqanlar bu avtomobillər üzərində texniki dəyişikliklər edirlər. Və nəticədə bir avtomobil olur “Ölüm Maşını”. 

Qeyd edək ki, iki mart 2020-ci il tarixində xəbərini yayımladığımız yol qəzalarında “VAZ 2107”, “VAZ 2106”, “Lada NİVA”, “QAZ 3110” olmaqla 5 “sovet” avtomobilinin fəqli fərqli qəzalarda iştirakı olub.

Avtoxuliqanlığa maraq gənclərimizdə əsasən daha az yaşlarından başlayır. Elə bir neçə gün bundan öncə yayımladığımız 13-14 yaşlarındakı məktəblidə olduğu kimi. Həmin məktəbli üçün valideyini redaksiamızla əlaqə saxlayaraq “kənd yoludur”, “böyük nəsə olmayıb ki”, “özüm çəkmişəm” deyərək laqeyidcəsinə özünün və övladının etdiklərinə haqq qazandırır. Halbu ki, həmin xəbərdə təqdim etdiyimiz video materialdan həmin yolda nəqliyyat vasitələrinin olması, vətəndaşlarımızın sahibi olduğu iri buynuzlu heyvanların olduğu açıqca görünür. Çox uzağa getməyək, elə iki mart 2020-ci il tarixində Oğuz rayonunda “NİVA” markalı avtomobilin iştirakı ilə “kənd yolu”nda baş vermiş qəzada 12 baş kiçik buynuzlu heyvan tələf olub. Hansı ki, o heyvanlar hansısa vətəndaşımızın gəlir mənbəyidir. 

Yəni kənd yoludur, piyada və nəqliyyat vasitəsi yoxdur deyərək məsələni ötüşdürmək, cılızlaşdırmaq doğru deyil.

Kimlərsə yayımladığımız qayda pozuntularının əks olunduğu materiallardan narahat olur. “Kiçik qayda pozuntularıdır”, “pulu var cəriməsini ödəyəcək”, “kasıbdır dəyməyin” kimi fikirləri dilləndirərək haqq qazandırmağa çalışır, önəmsəmirlər. Bəs bu düşüncə sağlam düşüncədir? Hər bir məsələni “kənd yolu” mövzusunda olduğu kimi xırda detallarına qədər analiz edib ictimailəşdirmək lazımdır ki bəzi düşüncə sahibləri anlasınlar? Laqeyid olmamaq lazımdır, bu qədər bəsid düşünmək lazım deyil.

Yol hərəkəti zamanı törədilən hər qayda pozuntusu təhlükə yaratmaqla yanaşı digər hərəkət iştirakçılarının zaman itirməsinə, tıxac müddətinin artmasına səbəb olur. Adi qayda pozuntusu desək də, bizə kiçik hadisə kimi gəlsə də nəticəsi çox ağır ola bilir. Elə iki mart 2020-ci il tarixində gecə saatlarında Ziya Bünyadov prospektində baş vermiş qəzanı nümunə götürək. “Adi sürət” dediyimiz səbəbdən “Tofaş” markalı avtomobil idarəetməni itirib və “Hyundai” markalı avtomobil ilə toqquşub. Və nəticədə 2 ölü bir ağır yaralı. Səbəb? Səbəb isə adi dediyimiz qayda pozuntuları.

Son günlər gündəm olan və insanlarımızı narahat edən bir virus bu qədər can ala bilərmi? Nəyə görə virusdan daha çox qorxuruq, daha məsuliyyətlə tədbirlər görürük ancaq virusdan betər olan qəzaları gözardı edirik? Avtoxuliqanlıq, svetoforun qırmızı işığından keçmək, bir məktəblinin avtomobil idarə etməsi, sükan arxasında diqqəti telefona yönəltmək dahamı təhlükəsizdir? 

Əslində yox. Sadəcə düşünmək lazımdır. 

Gənclərimizi, insanlarımızı qoruyaq. Daha düşüncəli və daha diqqətli olaq. Yollarımız daha təhlükəsiz olsun, insanlarımız ölməsin...

Dövlət Yol Polisi piyadavurmalarla bağlı maarifləndirmə işləri çərçivəsində sosial çarx hazırlayıb. Videoda gənc qız əvvəlcə yolu keçmək üçün piyada keçidindən istifadə edir. Amma geri qayıdan zaman həm başı telefona qarışır, həm də yolu təyin olunmamış yerdən keçir. Nəticədə isə avtomobil onu vurur. 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, bu cür sosial çarxlar piyadavurmaların sayının azaldılmasına hesablanıb. "Təəssüf ki, piyadavurmalarla nəticələnən qəzalar ümumi yol-nəqliyyat hadisələrinin 60 faizindən çoxdur. Bu isə yol polisini ciddi şəkildə narahat edir. Biz mütamadi olaraq piyadalar arasında maarifləndirmə işləri aparırıq. Bu cür sosial çarxlarla çalışırıq ki, insanlar ən azından təsirlənib mənfi nəticə verəcək addımlar atmasınlar."

Bölmə rəisi onu da əlavə edib ki, maarifləndirmə işləri kompleks şəkildə həyata keçirilməlidir. "Burada təkcə yol polisi deyil, ictimai təşkilatlar, mətbuat, o cümlədən sosial şəbəkə istifadəçiləri aktivlik nümayiş etdirməlidir. Yəqin ki, hər bir xəbərdarlıq ən azından bir insanın həyatını xilas edər. Bu isə bizim üçün böyük göstəricidir."

Nə düşünürsən?