Bakıda bir gecədə 21 maşın qarət olundu

  • 04.03.2020
  • 0

Binəqədi rayonu ərazisində ayrı-ayrı şəxslərə məxsus avtomobillərin şüşəsini sındıraraq oğurluq cinayətləri törədən dəstə üzvləri saxlanılıb. 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, zərərçəkənlərdən daxil olan çoxsaylı şikayətlər əsasında Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Ağdam rayon sakini İbrahim Məmmədov və Neftçala rayon sakini Abdul Musazadə tutularaq istintaqa təqdim ediliblər. 

Daxili İşlər Nazirliyinin əməkdaşı Ağgül Həmdizadənin sözlərinə görə, araşdırma zamanı onların Binəqədi rayonunda bir gecədə 21 avtomobilin şüşəsini sındıraraq nəqliyyat vasitələrinin salonundan pul, ehtiyat hissələri və digər qiymətli əşyalar oğurladıqları məlum olub. “Qeyd edək ki, saxlanılan şəxslər oğurluğa İbrahim Məmmədova məxsus “Saipa” markalı nəqliyyat vasitəsilə gediblər. Tutulan zaman həmin avtomobilin yük yerindən dəstə üzvlərinin oğurluq yolla əldə etdikləri əşyaların bir qismi maddi sübut kimi aşkar olunaraq götürülüb”. 

Hər iki şəxs ifadəsində törətdikləri cinayəti etiraf ediblər.

Faktlarla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir. İbrahim Məmmədov və Abdul Musazadənin əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, ərazi üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər.

Nə düşünürsən?