1xbet

Azərbaycan -Türkiyə iqtisadi əlaqələri genişlənir

  • 26.02.2020
  • 76 baxış
  • 0

Siyasi, hərbi, mədəni və təhlükəsizlik sahəsində Azərbaycanla Türkiyə arasında mövcud olan çox yaxın əlaqələr iqtisadi sahədə də daha böyük potensialın reallaşdırılmasını şərtləndirir.


Xezerxeber.az-ın məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Bakıya son səfəri də iqtisadi sahədə daha ciddi nəticələr əldə etmək üçün həm hüquqi bazanın genişləndirilməsi, həm də dövlət, eləcə də özəl sektor arasında iqtisadi əlaqələrin daha da sıxlaşmasına zəmin yaratmaq xarakteri daşıyırdı.



Mətbuata bəyanatlarda hər iki ölkə prezidentlərinin ticarət dövriyyəsini 15 milyard dollara yüksəltməyi qarşıya məqsəd qoyduqlarını açıqlamaları iqtisadi fəaliyyətin hər iki ölkə üçün nə qədər böyük önəm daşımasından xəbər verir. Təsadüfi deyil ki, səfər zamanı imzalanan 13 sənədin 6-ı sırf iqtisadi sahəyə aiddir. İnvestisiyalar, nəqliyyat, preferensial ticarət, texniki tənzimləmə və metrologiya, rəqabət mühiti, eləcə də energetika və mədənçilik sahələrində imzalanan sənədlər iki ölkə arasındakı iqtisadi əməkdaşlıq potensialının reallaşdırılmasına hesablanıb.



İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İxraca Dəstək Mərkəzinin rəhbəri Nicat Hacızadə hesab edir ki, Azərbaycanla-Türkiyə arasında preferensial ticarətlə bağlı sənəd hər iki ölkənin qarşılıqlı şəkildə ixracının sürətlə artmasına səbəb olacaq.



Ekspert Nicat Hacızadənin sözlərinə görə, daha vacib bir sənəd isə Türkiyədə məhsulların texniki şərtləri və metrologiya çərçivəsinin Azərbaycanda da tətbiqidir. Bu isə Azərbaycan məhsullarının keyfiyyətinin daha da artmasına gətirib çıxaracaq.



İqtisadi əlaqələrini genişləndirmək istəyən iki ölkə arasında ən önəmli məsələlərdən biri yüklərin daşınması üçün infrastrukturun yaradılmasıdır. Bakı-Tbilisi-Qars dəmiryolu xətti bu baxımdan müstəsna əhəmyyətə malikdir. Ancaq tərəflər Qarsdan Culfaya qədər daha bir dəmiryolu xəttinin çəkilməsində həmfikirdir.



"Azərbaycan və Türkiyə hökumətləri arasında Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsi ilə bağlı Anlaşma Memorandumu"nun imzalanması böyük əhəmiyyətə malikdir. Bu dəmiryolu həm Naxçıvanın daha çox inkişaf etməsinə, eləcə də ümumilikdə Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin daha da artmasına səbəb olacaq.

Nə düşünürsən?