Lənkəranda 30 nəfər koronavirusa yoluxub?

  • 25.02.2020
  • 0

İranda koronavirusa yoluxaraq ölənlərin sayında artımın olması sərhəddə yerləşən cənub bölgəsində, insanlar arasında narahatlığa səbəb olub. 


APA TV-nin cənub bürosundan verilən məlumata görə, xüsusilə də son günlər guya Lənkəranda 30-dan çox uşağın xəstəxanaya yerləşdirilməsi və koronavirus təhlükəsi olması ilə bağlı əhali arasında məlumat yayılıb. 

Lənkəran Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, yayılan məlumatlar həqiqəti əks etdirmir. Xəstəxanada iş rejimi adi qaydada davam edir və xəstələrdə koronavirus təhlükəsi yoxdur. 


Yolxucu Xəstəliklər Şöbəsinin müdiri Zəfər Fərzəliyev deyir ki, yayılan rəqəmlər həqiqəti əks etdirmir: “Həmin xəstələr başa salınıb, evə qayıdıblar. Son 2-3 gündə mən də insanlardan eşitdim bu hadisəni. Hazırda 3 xəstəmiz var ki, onlardan 2-də virus hepatiti olub, digərində su çiçəyi. Xəstələr də sağalıb buraxmışıq evlərinə. Hazırda bir xəstəmiz stasionar müalicədədir, virus hepatitdir. Bu adi bir qripdir, o demək deyil ki, biz indi vahimə içində yaşayaq, heç bir narahatlığa səbəb yoxdur”.


Müraciətlər qış mövsümünə uyğun yayılmış kəskin respirator xəstəliklərlə əlaqədardır: “Gündə 10-15, hətta bizim şəhərimiz mərkəz olduğuna görə, ətraf rayonlardan da bizim xəstəxanaya gəlirlər. Heç bir artım yoxdur. Şişirdilmiş söhbətlərdir, yalandır. Bu, payız-qış mövsümündə olan kəskin respirator xəstəliklərlə əlaqədardır.  Sizi əmin edə bilərəm ki, heç bir təhlükə yoxdur”. 


Xəstəxanaya müraciət edən valideynlər də heç bir təhlükəli qripdən söhbət getmədiyini təsdiqləyirlər: “3 gündür oğlumda qızdırma var idi, şükür Allaha yaxşıdır. Qızım da o vəziyyətdə idi. İndi gətirmişəm bura. Sadəcə olaraq soyuqdəymədir”. 


Qeyd edək ki, Səhiyyə Nazirliyi ölkəmizdə hazırda koronavirusla bağlı vəziyyətin stabil olduğunu və heç bir şübhəli hal olmadığı barədə açıqlama yayıb. 

Nə düşünürsən?