“Keşlə” dairəsində görüntülənən YPX haqqında Vaqif Əsədovdan RƏSMİ AÇIQLAMA

  • 23.02.2020
  • 0

Bu gün YPX inspektorunun dairə üzrə bir neçə dəfə hərəkət edərək sürücülərə “tələ qurulduğunun” iddia edildiyi video material paylaşmışdıq. 99 YP 363 dövlət qeydiyyat nişanlı xidməti avtomobil ilə bir neçə dəfə dairəyə daxil olaraq dairə üzrə hərəkət edən YPX inspektoru barəsində Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədova müraciət etdik. Polkovnik məsələ ilə bağlı YPX.AZ-a açıqlama verərək bildirdi ki: “Sosial şəbəkələr vasitəsilə yayımlanan sujetlə əlaqədar olaraq mən sizə bildirirəm ki, artıq araşdırma aparılır və söz yox ki, ilk növbədə bu sujetin qeydə alınması və paylaşılması ilə əlaqədar vətəndaşa dərin təşəkkürümü bildirirəm, ona görə ki, vaxt tapıb, vaxt itirib, əziyyət çəkib və onun düşüncəsi ilə desək hansısa qanun pozuntusunun qeydə alınaraq paylaşmaq istəyi alqışa layiqdir. Ancaq unutmaq olmaz ki, həmin ərazidə video müşahidə kameraları da var və bu kameralar vasitəsilə təkcə onun lentə aldığı məqamlar deyil, digər məqamlar da ətraflı araşdırılacaq.” Vaqif Əsədov əlavə olaraq qeyd etdiki: “İzləyicilərə onu demək istəyirəm ki, ilk növbədə həmin avto partul avtomobili və onu idarə edən inspektorlar həmin ərazidə xidmət aparırlar. Məhz həmin ərazidən Bakı şəhər Dövlət Yol Polisinə dəfələrlə şikayət xarakterli informasiyalar, məktublar, təkliflər daxil olub, “Keşlə bazarı” kimi tanınan, eləcə də həmin əraziyə bitişik olan gündəlik tələbat mallarının satışı ilə məşğul olan ictimai iaşə obyektlərinin qarşısı taksi fəaliyyəti ilə məşğul olan və ya digər sürücülər tərəfindən qeyri-qanuni zəbt edilir, ikinci cərgədə dayanan sürücülərin hesabına digər sürücülərin hərəkəti çətinləşir. Bu da istər istəməz vətəndaşın məhz çəkdiyi həmin dairədən bir neçə istiqamətdə hərəkətdə olan sürücülərin hərəkətinə maneə yaradır. Ona görə də konkret həmin dairənin nəzarətə götürülməsi və eyni zamanda dəfələrlə dairə üzrə hərəkət edərək, polis əməkdaşının ərazidə dayanma-durma tələblərinin yerinə yetirilməsinə nəzarəti gücləndirmək və həmin ərazidən istifadə edənlərin rahat, fasiləsiz hərəkətinin təşkil edilməsi istəyidir. Ayrıca qeyd etməliyəm ki, əgər həmin ərazidə dairəvi hərəkətlə bağlı kiməsə protokol yazılıbsa, buyursun müraciət etsin, birgə araşdıraq və vətəndaşın paylaşdığı sübuta yetirilərsə, tərəfimizdən inzibati-tənbeh tədbiri görülsün.” Daha sonra polkovnik Vaqif Əsədov YPX.AZ komandası ilə sözügedən hadisənin video qeydə alındığı dairə və onun ətrafına baxış keçirib. Sizə təqdim etdiyimiz video materialdan da göründüyü kimi “Keşlə” bazarının qarşısında və dairə ətrafında parklanan avtomobillər xaotik vəziyyət yaranmasına səbəb olur. Sürücülər də daimi olaraq həmin ərazidə sıxlıq və tıxacın yaranandığını bildiriblər. Polkovnik video görüntüsü yayılan YPX inspektorunun isə xidmət apardığı ərazinin bir hissəsi olan bu yerdə vəziyyətə nəzarət etmək məqsədi ilə belə bir addım atdığını diqqətə çatdırıb.

Nə düşünürsən?