Bakıda təmiri yarımçıq qalan yolda yenidən iş başlanıb

  • 13.02.2020
  • 0

Artıq sürücülər Hövsan qəsəbəsinə daha rahat və təhlükəsiz şəkildə gedib-gələ biləcəklər. Çünkü uzun müddətdir ki, təmiri yarımçıq qalan Zığ-Hövsan yolunda işlər yenidən başlanıb.

Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, yol birinci texniki dərəcəyə uyğun inşa edilir. Hazırda çökmüş və yararsız hissələrdə yeni yol yatağının inşası aparılır, mühəndisi-kommunikasiya xətləri köçürülür, 1-1.5 metr dərinlikdə yol yatağının yararsız qrunt qazılaraq çıxarılır.

Xezerxeber.az-ın məlumatına görə, Zığdan-Hövsana qədər yolun ümumi uzunluğu 7 km-ə yaxındır. Uzun müddətdir ki, həmin yolun əsaslı şəkildə yenidən qurulmaması sürücülərə çətinlik yaradırdı. Yol boyu avtomobillərin rahat və təhlükəsiz geridönməsi və yolüstü yaşayış massivlərinə getmələri üçün imkanlar yaradılacaq.

Vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədi ilə 3 yerdə piyada keçidləri də inşa edilir. Keçidlərinin birində son tamamlanma işləri aparılır.

Yenidənqurma işləri çərçivəsində yol boyu ayrıcı zolaqda ikitərəfli müasir işıqlandırma sistemləri qurulur.