Metroda və avtobuslarda cibgirliklə məşğul olan şəxs tutuldu

  • 22.01.2020
  • 0

Bakı metrosunda cibgirliklə məşğul olan şəxs saxlanılıb.


DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi və Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Elçin Məmmədov tutulub. 


Araşdırma zamanı onun cari ilin yanvar ayının 19-da günün müxtəlif saatlarında metronun “İnşaatçılar” və “28 May” stansiyalarında iki qadının cibindən mobil telefon oğurladığı məlum olub. Elçin Məmmədov saxlanılan zaman onun üzərindən cibgirlik yolu ilə əldə etdiyi mobil telefonlardan biri aşkar olunaraq maddi sübut kimi götürülüb.


Araşdırma zamanı saxlanılan şəxsin təkcə metropolitendə yox, paytaxt ərazisində sərnişin avtobuslarında da cibgirliklə məşğul olduğu məlum olub.


Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Elçin Məmmədovun Metropoliten, eləcə də paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

Nə düşünürsən?