Azad Rəhimov gəncləri "Yüksəliş" müsabiqəsinə qoşulmağa çağırıb

  • 22.01.2020
  • 0

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi fevralın 2-nə kimi davam edir.

“Report” xəbər verir ki, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü Gənclər və İdman naziri Azad Rəhimov gənclərə dəvət ünvanlayıb.

Nazir dəvətində bildirib ki, “Yüksəliş” müsabiqəsi karyera pilləsində yüksəlmək istəyən, istedadlı, özünə güvənən gənclər üçün bir şansdır. Aydın fikri, kreativ düşüncələri, qətiyyətli xarakteri olan, XXI əsrin tələblərinə cavab verən, müasir bacarıqlara sahib gənclər irəli çıxmalı, ölkənin taleyüklü məsələlərinin həllində, dövlətin idarə edilməsində iştirak etməlidirlər. “Yüksəliş” sağlam düşüncəli gənclik üçün açılan yeni yoldur”.

A.Rəhimov qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesi başa çatandan sonra gənclərlə iş sahəsində yeni nəslin inkişafına xidmət edən böyük layihələr icra olunur, islahatlar həyata keçirilir: “Elə götürək ölkədə başlayan və bu gün müxtəlif sahələrdə geniş vüsət alan könüllü hərəkatını. Bu hərəkat gənclərin inkişafına və onların irəli çəkilməsinə xidmət edir. Onlara hər yerdə üstünlük verilib. Könüllülər üçün növbəti şans da məhz “yüksəliş”dir”.

Nazir vurğulayıb ki, “Yüksəliş” müsabiqəsi, sadəcə, onlar üçün yox, bütün gənclik üçün bir şansdır: “Müsabiqə yeniləşən Azərbaycanın müstəqil fikri, idaəretmə bacarığı olan rəhbərliyi seçmək, yetişdirmək üçündür. Bunun üçün özündə güc tapan gənclər tərəddüd etməməli, bu müsabiqəyə qoşularaq mən də varam deməlidir. “Yüksəliş”in verdiyi imkandan istifadə edib idarəetmə bacarığınızı inkişaf etdirin. Dövlət yüksəliş müsabiqəsinin gənclərin inkişafına yönələn isalahatların davamı olaraq icra edir. Siz bu yolla peşəkar təlimlər üçün qrant qazana, idarəetmə bacarıqlarınızı hərtərəfli inkişaf etdirə, əvəzolunmaz əlaqələr qura bilərsiniz. “Yüksəliş”ə qoşulun, yüksəliş sizinlə başlasın”. 

Nə düşünürsən?