Gəncədən deputatlığa namizəd Naqif Həmzəyevin seçiciləri ilə ilk görüşü keçirilib

  • 18.01.2020
  • 0

VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təbliğat kampaniyası çərçivəsində 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən Milli Məclisə deputatlığa namizəd Naqif Həmzəyevin Gəncə şəhər ağsaqqaları, ziyalıları və gəncləri ilə ilk görüşü baş tutub. 

Görüşü Təbliğat Qrupunun üzvü, AMEA-nın Gəncə Regional Bölməsinin rəhbəri, akademik Fuad Əliyev açaraq, bu günə qədər keçirilən bütün seçkilərdə qələbə qazanan Yeni Azərbaycan Partiyasının ölkəmizin rifahı və quruculuğu naminə fəaliyyət göstərməsinin xalqda partiyamıza və onun parlamentdəki təmsilçilərinə böyük rəğbət qazandırdığından danışıb. Daha sonra Fuad Əliyev VI çağırış Milli Məclisə növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi yenidən irəli sürülən YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev haqqında ətraflı məlumat verib.

Görüşdə çıxış edən şəhərin tanınmış ağsaqalları deputatlığa namizəd Naqif Həmzəyevin fəaliyyətini yüksək qiymətləndiriblər. Qeyd edilib ki, bu görüş onun ağsaqqal xeyir-duasına və ziyalı sözünə böyük əhəmiyyət verməsinin bariz nümunəsidir.


Tədbir iştirakçıları sadəliyi və səmimiliyi ilə Gəncə sakinlərinin rəğbətini qazanan Naqif Həmzəyevin ölkənin, Gəncənin ictimai-siyasi həyatındakı fəaliyyətini, yüksək qiymətləndirdiklərini vurğulayaraq, dəfələrlə V çağırış Milli Məçlisin iclaslarında Gəncə sakinlərin problemlərinin həlli istiqamətində əlindən gələni etməyə çalışdığının şahidi olduqlarını diqqətə çatdırıb, birmənalı olaraq "Daha güclü Azərbaycan naminə” şüarı ilə gedən Yeni Azərbaycan Partiyasının yenidən irəli sürdüyü namizədə - Naqif Həmzəyevə səs verəcəklərini bəyan ediblər.


Naqif Həmzəyev ona göstərilən etimada görə Yeni Azərbaycan Partiyasına, partiyanın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib. Böyük sözünə, ağsaqqal xeyir-duasına hər zaman dəyər verdiyini deyən Naqif Həmzəyev şəhərimizin tarixində ağsaqqalların və veteranların xüsusi rolu olduğunu, onların dəyərli tövsiyələrinin gənclərin inkişafında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. 

Deputatlığa namizəd Naqif Həmzəyev sonda ağsaqqalların xeyir-duasını alaraq çıxdığı bu şərəfli və məsuliyyətli yolda dövlətimizin qarşıya qoyduğu vəzifələrin xalqın, cəmiyyətin istəyinə uyğun layiqincə yerinə yetirməyə çalışacağını bildirib.

Nə düşünürsən?