Kənd təsərrüfatının inkişafı üçün layihə hazırlanır

  • 16.01.2020
  • 0

Ötən il Azərbaycanda üzümçülük 25 % artıb və 190 min tondan çox üzüm yığılıb ki, bu da son illər ərzində ən yüksək rəqəmdir.

Bu sözləri Prezident İlham Əliyev bir neçə gün əvvəl keçirilmiş müşavirədə kənd təsərrüfatı ilə bağlı danışarkən deyib. Ölkə başçısı kənd təsərrüfatında ötən il 7 % artım olduğunu, xüsusilə bitkiçilikdə 10 %-lik artımın qeydə alındığını bildirib. Eyni zamanda ölkə başçısı xaricdən asılılığı azaltmaq və ixracı artırmaq üçün kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin də artırılmasını vacib hesab edib.

Xezerxeber.az-ın məlumatına görə, Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib ki, hazırda Kənd Təsərrüfatı və İqtisadiyyat nazirlikləri bu layihə üzərində işləyir və sektorun inkişafı üçün əsaslandırmalar hazırlayırlar.

Bundan başqa, ölkə başçısının göstərişinə əsasən, bu il ərzində elektron kənd təsərrüfatı sisteminin qurulmasının tam başa çatdırılması nəzərdə tutulur. Bununla da subsidiyaların verilməsində şəffaflıq və səmərəlilik təmin ediləcək. Həmçinin, kənd təsərrüfatında aqrar sığortanın tətbiqi planlaşdırılır ki, bu da fermerin təbiət hadisələrindən sığortalanması deməkdir.

Eyni zamanda müşavirədə bildirilib ki, kiçik fermerlərin kreditlərə əlçatanlılığı da təmin ediləcək.

O cümlədən, müşavirədə bu il tütünçülük və pambıqçılığın məhsuldarlığının daha da artırılması, həmçinin meyvəçilik və tərəvəzçiliyin inkişafı üçün çalışılacağı vurğulanıb.

Nə düşünürsən?