Rusiya Dövlət Duması yeni baş naziri təsdiqlədi

  • 16.01.2020
  • 0

Bu gün Rusiya Dövlət Dumasının plenar iclası keçirilib.

APA TV-nin Moskva müxbirinin xəbərinə görə, plenar iclasda Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin Rusiyanın Baş Naziri vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqda məsələ müzakirəyə çıxarılıb.

Rusiya parlamentinin spikeri Vyaçeslav Volodin plenar iclası açıq elan etdikdən sonra Rusiya Prezidentinin Dövlət Dumasındakı səlahiyyətli nümayəndəsi Harri Minx prezident tərəfindən namizədliyi irəli sürülən Mixail Mişustinin fəaliyyəti barədə danışıb və Dumanın deputatlarından onun Baş Nazir vəzifəsinə seçilməsi üçün icazə verilməsini xahiş edib.

İclasda Mixail Mişustin də çıxış edib. O, göstərdiyi yüksək etimada görə Rusiya Prezidentİ Vladimir Putinə təşəkkürünü bildirib. Mişustin yeni hökumətin rəhbəri vəzifəsində dövlət başçısı tərəfindən qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi barədə görəcəyi işlərdən danışıb, yeni hökumətin prioritet istiqamətlərini açıqlayıb və deputatların suallarını cavablandırıb.

Sonda səsvermə keçirilib. 383 nəfər lehinə səs verib, 41 nəfər bitərəf qalıb, əleyhinə səs verən olmayıb. 

Duma Mixail Mişustini Baş Nazir vəzifəsinə təsdiqləyib.

Nə düşünürsən?