Fotodakı məşhur uşağın ürəkdağlayan hekayəsi

  • 16.01.2020
  • 0

Bir vaxtlar sosial şəbəkələrdə yayılan bu fotodakı oğlanın adı Vanq Fumandır. İki il əvvəl müəllimin çəkdiyi şəkil dünya ictimaiyyətinin diqqətinə səbəb olmuşdu. İmtahandan keçmək üçün 9 dərəcə şaxtada papaqsız və nazik gödəkçədə 5 km məsafəni qət edən oğlanın bu əzm və iradəsinə heyrətlənməmək mümkün deyil.

Şaxtalı havada məktəbə piyada gedən oğlanın saçları və qaşları buz bağlamışdı, yanaqları soyuqdan qıpqırmızı olmuşdu. Sonradan məlum olmuşdu ki, Vanq Fumanın evində və oxuduğu məktəbdə istilik sistemi yoxdur və bütün şagirdlər üst geyimdə oturmaq məcburiyyətindədir.

Vanq təhsil almaq arzusunda idi və anlayırdı ki, yoxsulluqdan çıxmağın yeganə yolu elmdir. Yeri gəlmişkən, Vanq çətin vəziyyətdə iştirak etdiyi imtahandan 100 ballıq sistem üzrə 99 bal toplaya bilmişdi.

Müəllimlə Vanqın sosial şəbəkələrdə yayılan hekayəsi çoxlarını təsirləndirmişdi. Odur ki, istifadəçilər ona yardım etmək üçün kampaniyaya başlamağa qərar vermişdi. Nəticədə 3 milyon yuan və ya 450.000 dollar pul yığılmışdı. Məbləğin bir hissəsi məktəbdə istilik sistemlərinin təmirinə xərclənmişdi, qalanına isə Yunnan əyalətindəki yoxsul ailələrin uşaqları üçün qızdırıcı və isti paltar alınmışdı.

Daha sonra Vanq Pekinə dəvət edilir. Və bilirsiniz onu Pekində ən çox nə heyrətləndirmişdi?

O, bu suala "Evdə həmişə kömür yandırırıq və gödəkçələrdə yatırıq. Bu evlərdəsə bir köynəkdə gəzə bilərəm! İlk dəfədir ki, bunu görürəm, istilik möcüzədir!”, - deyə cavab vermişdi.

Çox vaxt əlimizdə olanları qiymətləndirmirik... Odur ki, şikayətlənməzdən əvvəl problemləri həll etmək üçün nələr etdiyimiz ətrafında düşünməyə dəyər./publika.az

Nə düşünürsən?