"Gedək Azərbaycan torpaqlarını işğaldan azad edək" - İYİ Parti İzmir Milletvekili Aytun Çıray

  • 04.01.2020
  • 0

"Gedək Azərbaycan torpaqlarını işğaldan azad edək" - İYİ Parti İzmir Milletvekili Aytun Çıray




Türkiyə Böyük Millət Məclisi yanvarın 2-də Liviyaya hərbi qüvvələrin göndərilməsinə icazə verən qətnamə qəbul edib. Liviya Milli barışıq hökumətinin xahişi əsasında prezident Ərdoğanın göstərişi ilə hazırlanan qətnamə layihəsinə 325 deputat dəstək verib, 184 deputat isə qətnamənin əleyhinə səs verib.


Liviyada davam edən vətəndaş müharibəsində Türkiyə Fayez Saracın başçılıq etdiyi və BMT-nin tanıdığı Milli barışıq hökumətini dəstəkləyir. Lakin Liviyanın bir hissəsinə nəzarət edən feldmarşal Xəlifə Haftarın başçılıq etdiyi Liviya Milli Ordusu paytaxt Tripolini tutmaq üçün bir ilə yaxındır döyüşlər aparır. Haftarın ordusunu Rusiya və Misir də dəstəkləyir.


Türkiyə indiyə qədər Fayez Saracın hökumətinə bağlı qüvvələrə, silah-sursat, pilotsuz təyyarələr və hərbi təlimatçılar göndərməklə dəstək verib. İndi isə Türkiyə ordusunun Liviyaya göndərilməsinin yolu açılıb. Birinci mərhələdə Türkiyə suriyalı ərəblərdən ibarət muzdlu dəstələrini Liviyaya göndərəcəyi gözlənilir.


Türkiyənin Liviyaya hərbi qüvvələr göndərməsinə dair müzakirələrdə CHP və İYİ partiyadan olan millət vəkilləri bu qərarın əleyhinə çıxıb. İYİ partiyadan olan millət vəkili Aytun Çıray müzakirələrdə söz alaraq deyib: “Sayın cumhurbaşqanı “dəvət edildiyimiz yerə gedərik” dedi. Bu məntiqlə dəvətə nə gərək var? Qardaş Azərbaycanın torpaqlarının 20 faizi işğal altındadır. Haydı, qalxın, əvvəlcə gedək o torpaqları azad edək. Reallıqlar və maraqlar var. “Barış Pınarı” hərəkatını dəstəklədik, nə oldu? İrəliləyən türk ordusunu bir tvit-lə dayandırdınız. Əhali indi sual edəcək, Liviyada nə işimiz var deyə. Yeni problemlərə ehtiyac varmı? Şərqi Ağdənizdə bu qədər problem var ikən ordunun gücünü niyə ikiyə bölürsünüz? Məsum şəhit qanlarında boğulmayın”.


AKP-dən olan millət vəkilləri isə Çırayın bu çıxışını qınayıblar.

Nə düşünürsən?