Azərbaycanda pambıqçılığa diqqət artır

  • 22.12.2019
  • 0

Bu həftə Prezident İlham Əliyevin yanında keçirilən müşavirədə pambıqçılıqla bağlı nəticələr, mövcud vəziyyət müzakirə edilib, gələcək hədəflər açıqlanıb. Məlum olub ki, son 4 ildə Azərbaycanda pambıq istehsalı 8,5 dəfə artıb. Lakin ölkədəki su kanallarının 75 faizi torpaq kanallar olduğundan bəzi rayonlarda hələ də problemlər qalmaqdadır.

Dövlət başçısı deyib ki, pilot layihələrin sahəsi artırılmalı, pambıq emalı zavodlarının fəaliyyəti bir daha nəzərdən keçirilməlidir.

"Azərbaycanda pambıqçılığı dirçəldərək bunu çox gəlirli sahəyə çevirmişik" deyən Prezident İlham Əliyev bildirib ki, dövlət dəstəyi nəticəsində son üç il ərzində 15 min 700 texnika alınıb.

Nəticədə bu gün pambığın 87 faizi texnika ilə yığılır. Otən dövr ərzində pestisidlər güzəştlə verilməyə başlayıb. Hər hektara güzəştlər 10 manatdan 50 manata qaldırılıb.

Dövlət başçısı xatırladıb ki, pambıq üçün bazar axtarmaq lazım deyil. Məhsul üçün birja var və birjada satılır.

Bu il pambıq yığımı üzrə rekord göstərici əldə olunub, 294 min ton pambıq yığılıb. Cari ilin doqquz ayında pambıqçılıq fermerlərə və şirkətlərə, ümumiyyətlə Azərbaycana 111 milyon dollar gəlir gətirib.7 rayonda məhsuldarlıq 30 sentnerdən yuxarı olsa da üç rayonda məhsuldarlıq 20 sentnerdən azdır. Bunlar Ucar, Hacıqabul və Ağsu rayonlarıdır.

Dövlət başçısı bunun səbəblərini Ucar Rayon İcra Hakimiyyətinin başçısından müşavirədə soruşub.

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov isə 108 min əhalinin yaşadığı rayonda suvarma ilə əlaqədar ciddi problemlərin olduğunu bildirib.

Qaldırlan məsələ ilə bağlı elə yerindəcə dövlət başçısı tərəfindən müvafiq qurumlara tapşırıq verilib.

"Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinə göstəriş verilib ki, bütün su kanalları geniş təhlil edilsin və ardıcıllıqla beton kanallara keçilsin. Bununla həm su itkisi əhəmiyyətli dərəcədə azalacaq, həm də digər torpaqların soranlaşmasının qarşısı alınacaq. Dövlət başçısı xatırladıb ki, əgər vaxtında "Taxtakörpü" su anbarı tikilməsəydi bu gün Bakı susuz qalacaqdı.

Müşavirəyə yekun vuran Prezident qarşıya qoyulan hədəfləri də açıqlayıb. Gələn il pilot layihələrin sahəsini artırılmalı, lifsiz pambıq toxumu istehsalı zavodu işə salınmalıdır.Yeni iplik fabrikləri yaradılmalıdır. Çünki hələ ki, yığılan pambığın 40 faizi emal olunur. Çalışılmalıdır ki, mahlıc 100 faiz emal olunsun. Yeni toxuculuq, trikotaj fabrikləri tikilsin, yem, yağ fabrikləri yaradılsın.

Dövlət başçısı 2020-ci il üçün çox geniş və müfəssəl yol xəritəsi tərtib etməyi tapşırıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?