Sabiq FİFA referisi Premyer Liqa hakiminin qərarına etiraz etdi

08.12.2019 | 463 | 0

Azərbaycan Premyer Liqasının XIII turunun "Sumqayıt" - "Qəbələ" (1:1) matçında qalmaqal yaşanıb.

Offsideplus.az xəbər verir ki, oyunun 65-ci dəqiqəsində meydan sahiblərinin üzvü Peyman Babayi açıq ayaqla qapıçı Anar Nəzirova qarşı kobud oynayıb.

Hadisədən sonra "Qəbələ"nin qolkiperi "Sumqayıt"ın yarımmüdafiəçisini dirsəyi ilə vurub.

Hakim Vüqar Həsənli Peymanı sarı, Anar Nəzirovu isə qırmızı vərəqə ilə cəzalandırıb.

Referinin qərarı qolkiper və məşqçi Elmar Baxşıyev tərəfindən etirazla qarşılanıb. Onlar ya hər iki futbolçunun oyundan qovulmasını, ya da ikisinə də sarı vərəqə göstərilməli olduğunu bildiriblər.

Məsələ ilə bağlı olaraq sabiq referilərə müraciət etdik. Hazırda hakim-inspektor kimi Premyer Liqa oyunlarına təyinat alan Ceyhun Həşimov qərarın doğru olduğunu bildirib:

"Referinin qərarı doğrudur. Peymana sarı, Anara isə qırmızı vərəqə göstərilməli idi. Qolkiper hakimin cərimə zərbəsi təyin etməsindən sonra yarımmüdafiəçini vurub. Bu səbəbdən də 11 metrlik cərimə zərbəsi təyin olunmadı. Ümumilikdə Vüqarın qərarları doğru idi".

"Neftçi"nin sabiq vitse-prezidenti, fifa referisi Tahir Süleymanov da epizodu dəyərlənib:

"Qərar sarı-qırmızı yox, hər iki tərəfə qırmızı idi.

"Sumqayıtlı"nın hərəkəti açıq ayaqla birbaşa qapıçıya qarşı xəsarət idi.

Qapıçı hakim fitindən, cərimə təyin etdikdən, oyunu dayandırdıqdan sonra rəqibi vurdu. Top oyunda deyilsə, penalti ola bilməz".

Nə düşünürsən?